Azadsöz.az xəbər verir ki, 27 iyulda 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn Sənan Tehran oğlu Məmmədovun ad günü Çaxırlı kənd qəbirstanlığında şəhidin məzarı önündə qeyd olundu.
Mərasimdə rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyev, RİH başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşları, YAP Göyçay rayon təşkilatının sədri Sahib Şükürov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göyçay Rayon Şöbəsinin rəisi Famil Əliyev, Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin Göyçay rayonu şöbəsinin sədri Eldəniz Rüstəmov, şəhid ailələri, qazilər, məktəblilər, kənd sakinləri və şəhidin ailə üzvləri iştirak ediblər.
Əvvəlcə Şəhidin əziz xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.
Tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyev şəhidin ailəsinə baş sağlığı verərək 30 il həsrətində olduğumuz torpaqlarımızı Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Ordumuz 44 günlük Vətən Müharibəsində erməni işğalından azad edərək ərazi bütövlüyümüzün bərpa edildiyini diqqətə çatdırıb. Üçrəngli bayrağımızın respublikamızın bütün guşələrində olduğu kimi, işğaldan azad edilmiş torpaqlarımızda da əzəmətlə dalğalandığını qeyd edib.Şəhidlərimizin xatirələrini əbədiləşdirmək üçün adlarını küçələrə, məktəblərə verilməsi və bulaqların tikilməsi şəhid ailələrinə göstərilən yüksək diqqət və qayğıdan xəbər verdiyini vurğulayıb. Bu gün azad olunmuş torpaqlarda aparılan abadlıq-quruculuq və yenidənqurma işləri bütün dünyaya dövlətimizin qüdrətinin, xalqımızın əyilməz iradəsinin olduğunu bildirib.
Daha sonra mərasimdə YAP Göyçay rayon təşkilatının sədri Sahib Şükürov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göyçay Rayon Şöbəsinin rəisi Famil Əliyev, Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin Göyçay rayonu şöbəsinin sədri Eldəniz Rüstəmov, şəhid ailələri və digərləri çıxış edərək Şəhid Sənan Məmmədovun keçdiyi qısa və mənalı həyat yolundan söz açıblar. 30 ilin nisgilinə 44 gündə son qoymaq heç də asanlıqla başa gəlmədiyini, Ordumuzun gücü, birliyimiz və həmrəyliyimiz sayəsində əldə olunan tarixi Qələbədə Azərbaycanın hansı mərhələlərdən keçdiyini bildiriblər.
Sonra məktəblilər vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.
Tədbirin sonunda şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Xatırladaq ki, şəhid Sənan Məmmədov 27.07.2000-ci il tarixdə Bakı şəhəri Sabunçu rayonunda anadan olub.14.01.2020-ci il tarixdə həqiqi hərbi xidmətə cağrılıb. Oktyabrın 21-də Xocavənd uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Prezident İlham Əliyevin 15.12.2020-ci il, 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Sənan Məmmədov ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilib.