Azadsöz.az xəbər verir ki, 13 iyun 2022-ci il tarixində 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn Nuruzadə Elşən Əlisa oğlunun ad günü şəhidin məzarı önündə qeyd olunub.
Mərasimdə rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyev, ictimaiyyət nümayəndələri və şəhidin ailə üzvləri iştirak ediblər.
Göyçay Şəhidlər Xiyabanında şəhidin əziz xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.
Rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyev çıxış edərək, sentyabrın 27-dən noyabrın 10-dək davam edən 44 günlük Vətən müharibəsində güclü həmrəyliyin, Azərbaycan xalqının böyüklüyünün və müdrikliyinin bir daha şahidi olduğumuzu vurğulayıb.Hər bir Azərbaycan vətəndaşı Cənab Prezident İlham Əliyevin Qarabağ Azərbaycandır! ifadəsi altında səfərbər olmağı bacardı və 30 ilə yaxın bir müddətdə işğal altında olan torpaqlarımızı azad etməklə yurd, Vətən sevgisinin hər şeydən üstün olduğunu bir daha sübut etdiyini diqqətə çatdırıb.
Mərasimdə çıxış edənlər şəhid Elşən Nuruzadənin keçdiyi qısa və mənalı həyat yolundan, qəhrəmanlıq əzmkarlığından danışıblar.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Xatırladaq ki, şəhid Nuruzadə Elşən Əlisa oğlun 13.06.1996-cı il tarixdə Göyçay şəhərində anadan olub. 21 sentyabr 2020-ci il tarixdə hərbi təlimlərə cəlb edilmiş, 04 oktyabr 2020-ci il tarixdə Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhramancasına şəhid olub. Ölümündən sonra Azərbaycan Respublikası Prezdentinin sərəncamı ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.