Azadsöz.az xəbər verir ki, 10 iyun 2022-ci il tarixdə Birinci Qarabağ müharibəsində şəhid olan Göyçay rayonunun Birinci Ərəbcəbirli kənd sakini Feyziyev Məzahir Məmmədkərim oğlunun adına inşa edilən xatirə bulağının açılışı olub.
Açılış mərasimində rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyev, RİH başçısı aparatının məsul şəxsləri, din xadimləri, şəhid ailələri, ictimaiyyət nümayəndələri, kənd sakinləri və şəhidin ailə üzvləri iştirak ediblər.
İlk öncə Göyçay şəhər Şəhidlər Xiyabanında şəhidin məzarı ziyarət olunaraq gül-çiçək dəstələri düzülüb və ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyev bulağın açılış tədbirində çıxış edərək bildirdi ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində 30 ilə yaxın həsrət qaldığımız torpaqlarımızı işğaldan azad etdi. İllər keçsə də, gələcək nəsillər şəhidlərimizi hər zaman böyük minnətdarlıqla yad edəcəklər.
Daha sonra məktəblilər hərbi-vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.
Tədbirin sonunda şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Feyziyev Məzahir Məmmədkərim oğlu 08.11.1970- ci ildə Göyçay rayonunun Birinci Ərəbcəbirli kəndində anadan olub.31.08.1992-ci ildə Gədəbəy rayonunun Şınıx kəndində şəhid olub.