Azadsöz.az xəbər verir ki, bu gün Azərbaycan poeziyasının tanınmış simalarından diri, Xalq şairi Rəsul Rzanın anadan olmasından 111 il ötür. Rəsul İbrahim oğlu Rzayev (Rəsul Rza) 1910-cu il may ayının 19-da Göyçay şəhərində anadan olub.
1927-1937 illərdə Zaqafqaziya Kommunist Universitetində, Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunda, Moskva Millətlər İnstitutunda və Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda oxuyub. Rəsul Rzanın «Bu gün» adlı ilk şeri 1927 ildə «Qığılcım» almanaxında (Tiflis) dərc olunub. İlk şerlərindən Rəsul Rza müasirlik ruhu ilə seçilən lirik şair kimi diqqəti cəlb edib.
Böyük Vətən müharibəsi illərində hərbi müxbir olan Rəsul Rza, xalqın qəhrəmanlıq mübarizəsini, qələbəyə inamını, humanizmini əks etdirən əsərlər yaratdı («Vətən» (1942), «İntiqam! İntiqam…» (1943) şer kitabları, «Ölməz qəhrəmanlar» (1942), «Qəzəb və məhəbbət» (1943) hekayə və oçerk topluları, «Vəfa» (1943) pyesi və s.). Şairin «Qızıl gül olmayaydı» (1958-61), «Bir gün də insan ömrüdür», «Xalq həkimi» (1961) poemalarında insanpərvərlik ideyaları əks olunub. Nizami Gəncəvinin «Xosrov və Şirin», Esxilin «Zəncirlənmiş Prometey» əsərlərini, V.Mayakovskinin şer və poemalarını, Nekrasovun «Rus elində kimin günü xoş keçir» poemasını, H.Lonqfellonun «Hayavata haqqında mahnı» poemasını, C.Q.Bayron, A.S,Puşkin, H.Heyne, M.Y.Lermontov, T.Q.Şevçenko, Ş.Petöfi, A.Blok, Nazim Hikmət, P.Elüar, F.Qarsia Lorka, V.Nezval, habelə müasir Asiya və Afrika şairlərinin əsərlərini Azərbaycan dilinə çevirib. Əsərləri bir sıra xarici dilə tərcümə edilib.
Bir çox şerlərinə musiqi bəstələnib. Rəsul Rza Azərbaycan Yazıçıları İttifaqının sədri (1939), Azərbaycan Kinematoqrafiya naziri (1945-48), Azərbaycan Ensiklopediyasının baş redaktoru (1966-75), Asiya və Afrika Ölkələri ilə Respublika Həmrəylik Komitəsinin sədri (1960-81), Xəbərlər Mətbuat Agentliyi Respublika İdarə Heyətinin sədri (1966-75), SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin üzvü (1964 ildən), olub. Ədəbiyyat sahəsində məhsuldar fəaliyyətinə görə Azərbaycan xalq şairi, əməkdar incəsənət xadimi, Sosialist Əməyi Qəhrəmanı, SSRİ Dövlət mükafatı laureatı adlarına layiq görülüb. Şair 1981-ci ildə Bakı şəhərində vəfat edib. Məzarı Fəxri Xiyabandadır.