Azadsöz.az xəbər verir ki, bu gün Birinci Qarabağ müharibəsində torpaqlarımızın düşmən tapdağından azad olunması uğrunda gedən döyüşlərdə böyük mərdlik göstərərək, şəhadət zirvəsinə ucalan Elton Əkbərovun vəfatından 30 il ötür.
Elton Əsgər oğlu Əkbərov 1954-cü ildə Göyçay şəhərində doğulub. 1971-ci ildə Azərbaycan Xalq Təsərrüfat İnstitutuna daxil olub. Ali təhsilini başa vurduqdan sonra rayona qayıdıb. 1988-ci ildə milli azadlıq hərəkatına qoşulur. Onun haqqında göyçaylılar ilk dəfə 1990-cı ilin 20 yanvar faciəsi zamanı eşidiblər. İşğalçı rus ordusu yanvar qırğınını törədəndə Elton Əkbərov da yaralanıb.O, qanlı yanvar gecəsi yaralı halda digər yaralıları xəstəxanaya daşıyıb.
Daha sonra Dağlıq Qarabağda müharibə alovlananda bir neçə nəfər dostu, tanışı ilə birlikdə Göyçay Könüllülər Batalyonu formalaşdırıb cəbhəyə yollanıb, Şuşanın müdafiəsinə qoşulub.Burada Milli Qəhrəman Ramiz Qəmbərovun komandiri olduğu Şuşa batalyonunda elə ilk günlərdən cəsarətlə döyüşüb. O, növbəti güllə yarasını Daşaltı əməliyyatı zamanı alıb. Qısa müddətlik müalicədən sonra yenidən döyüşlərə qatılıb.
EltonƏkbərov 1992-ci il aprelin 29 – da Şuşanın Kosalar kəndində – Hacı Talası adlanan ərazidə düşmənlə üz-üzə iki saat çəkən qanlı döyüşdə düşmənin xeyli canlı qüvvəsini məhv etdikdən sonra özü də qəhrəmancasına şəhid olub. Mayın 1-də Göyçay Şəhidlər Xiyabanında dəfn olunub.