Azadsöz.az xəbər verir ki, Xalq yazıçısı Kamal Abdullanın “Unutmağa kimsə yox” romanı Təbrizdə çap olunub.
Bu haqda kitabı əski əlifbaya uyğunlaşdıran güneyli soydaşımız, yazıçı-tərcüməçi Elyar Polad məlumat verib. O, bildirib ki, roman “Həkim Nizami” nəşr evi tərəfindən oxuculara təqdim olunub.
Elyar Polad qeyd edib ki, 2014-cü ildə Kamal Abdullanın “Sehrbazlar dərəsi” 2018-ci ildə isə “Yarımçıq əlyazma” romanları da Təbrizdə işıq üzü görüb.
Qeyd edək ki, “Unutmağa kimsə yox…” romanı 2011-ci ildə Bakıda nəşr edilib. Roman “И некого забыть…” adı ilə 2015-ci ildə Bakıda rus dilində, 2016-cı ildə Moskvada “Художественная литература” nəşriyyatında “Под сенью Карагача” kitabında çap edilib. Əsər yenə həmin ildə Türkiyənin məşhur “Bengü” nəşriyyatında işıq üzü görüb.
Kolumb Hindistanı axtarıb Amerikanı kəşf edən kimi gənc alim naməlum bir çiçəkli yazıda hamının gözlədiyi müharibələrin, padşahların, sərkərdələrin taleyini yox, bir sevgi məktubunu deşifrə edir.
Paralel dünyalar, möhtəşəm ahəng, hadisələrin üfüqi, Çiçəkli yazı… bütün bunlar ilk baxışda sadə bir hadisənin fonunda əsər boyu canlı kimi nəfəs alır.
Bu roman çap olunduqdan sonra Azərbaycan ədəbi mühitində geniş müzakirələrə səbəb olub. Roman haqqında müxtəlif qəzet və internet saytlarda müzakirələr aparılıb. Roman əsasında müəllifin eyniadlı pyesi görkəmli rejissor Vaqif İbrahimoğlu tərəfindən Gənc Tamaşaçılar Teatrında səhnələşdirilib.