Azadsöz.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzi (DİM) XI sinfi bu il bitirən və ya keçən il buraxılış imtahanı (qəbul imtahanının birinci mərhələsi) vermiş, lakin martın 17-dək qeydiyyatdan keçməyən abituriyentlərə müraciət edib.
Belə ki, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən, lakin martın 17-dək elektron ərizəsini təsdiq etməyən abituriyentlərə qeydiyyatdan keçmək üçün əlavə imkan yaradılacaq.
XI sinfi bu il bitirən bütün abituriyentlər üçün elektron ərizə qəbulu proqramı aprel-may aylarında aktiv olunacaq.
Bundan əlavə, keçən il buraxılış imtahanı (qəbul imtahanının birinci mərhələsi) vermiş abituriyentlər üçün də elektron ərizə qəbulu proqramı yenidən aktiv olunacaq. Həmin abituriyentlər I, II, III və IV qruplardan hər hansı birini seçdikləri halda imtahanın birinci mərhələsinin nəticəsi kimi keçən il topladıqları bal nəzərə alınacaq. Keçən il buraxılış (qəbul imtahanının birinci mərhələsi) imtahanından topladıqları balı müvafiq müsabiqə şərtini ödəyənlər V qrupu və ya kollecləri də seçib həmin nəticə ilə müsabiqədə iştirak edə biləcəklər. Keçən il buraxılış imtahanı (qəbul imtahanının birinci mərhələsi) vermiş və çağırış yaşı tamam olan oğlan abituriyentlərin çağırışdan möhlət hüququnun olması və ya çağırışdan azad edilməsi barədə məlumatı Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) elektron-məlumat bazasında əks olunduğu halda onlar da qeydiyyatdan keçə biləcəklər.