Azadsöz.az xəbər verir ki, Prezident İlham Əliyev Koreya Respublikasının yeni seçilmiş Prezidenti Yun Sok Yola təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir:
“Koreya Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimiyyətlə təbrik edirəm.
Mən Azərbaycan Respublikası ilə Koreya Respublikası arasında təşəkkül tapmış dostluq əlaqələrinə böyük əhəmiyyət verirəm. İnanıram ki, bu il diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünü qeyd edəcək ölkələrimiz arasındakı qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq xalqlarımızın rifahı naminə birgə səylərimizlə inkişaf edəcək və genişlənəcəkdir.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost xalqınızın rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar arzulayıram”.
Həmçinin, dövlət başçısı Macarıstanın yeni seçilmiş Prezidenti xanım Katalin Novaka da təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir:
“Macarıstanın Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Azərbaycan ilə Macarıstan arasındakı münasibətlərin dinamik inkişafı məmnunluq doğurur. Siyasi, iqtisadi və mədəni sahələrdə daim genişlənən əlaqələrimiz çoxtərəfli qaydada fəal əməkdaşlığımız ilə müşayiət olunur.
İnanıram ki, bu il diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edəcək ölkələrimiz arasında ənənəvi dostluğun daha da möhkəmləndirilməsi, strateji tərəfdaşlığın bundan sonra da müvəffəqiyyətlə davam etdirilməsi üçün birgə səylər göstərəcəyik.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Macarıstan xalqının rifahı naminə məsul fəaliyyətinizdə uğurlar diləyirəm”.