Azadsöz.az xəbər verir ki, bu gün Qarabağ xanəndəlik məktəbinin görkəmli nümayəndəsi, Xalq artisti Arif Babayevin 84 yaşı tamam olur.Arif Babayev 1938-ci il fevralın 20-də Ağdam şəhəri yaxınlığındakı Sarıhacılı kəndində anadan olub.
O, Seyid Şuşinski, Xan Şuşinski, Zülfi Adıgözəlov kimi sənətkarların ənənələrinə əsaslanaraq özünəməxsus ifaçılıq üslubu yaradıb. 1960-cı ildən başlayaraq Arif Babayevin yaradıcılıq yolu Bakı şəhəri ilə bağlı olub. O, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb. Əvvəl Azərbaycan Dövlət Filarmoniyasına, sonra isə Azərbaycan Dövlət Opera və Balet Teatrına solist kimi dəvət olunub.
Onun yaradıcılığında “Şur”, “Segah” muğam dəsgahları, “Arazbarı”, “Qarabağ şikəstəsi” zərbi muğamları xüsusi yer tutur. Xüsusilə, “Segah” muğamını Arif Babayev təkrarolunmaz bir üslubda oxuyub. Xanəndə, həm də təsnif və xalq mahnılarının ifaçısı kimi çox sevilir.
Arif Babayev 1990-cı ildə tarixdə ilk dəfə muğam professoru adı alıb. Onun səhnə mədəniyyəti həm xanəndə, həm də artist üçün əsas amillərdən biridir. Arif müəllim öz səhnə mədəniyyəti ilə də seçilir. Bu, onun xasiyyətində, hərəkətində təbii xarakter daşıyır. Arif Babayev xoşbəxt sənətkardır, çünki tale ondan heç nəyi əsirgəməyib. Yaraşıqlı, boy-buxunlu, cüssəli – bu da səhnə üçün çox vacib olan amillərdəndir. Arif Babayevin yaradıcılığının inkişafında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının misilsiz rolu olub. O, uzun illər bu teatrın solisti kimi fəaliyyət göstərib, bu işdə yorulmadan çalışaraq bir-birindən gözəl obrazlar yaradıb. Burada çalışdığı müddətdə, qısa bir zaman ərzində teatrın səhnəsində muğam operalarında Məcnun, Kərəm (Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” və “Əsli və Kərəm” operaları), Aşıq Qərib (Zülfüqar Hacıbəyovun “Aşıq Qərib” operası), Camal (Şəfiqə Axundovanın “Gəlin qayası” operası), Şah İsmayil (Müslüm Maqomayevin “Şah İsmayıl” operası) kimi yaddaqalan obrazları yaradıb və dinləyici auditoriyasında böyük uğur qazanıb.
Özünün dediyi kimi, Opera və Balet Teatrının səhnəsi ciddi sənət ocağıdır. Oxumaq, öyrənmək istəyən ifaçı burada günü-gündən cilalanır, kamilləşir, təkmilləşir. Onun Məcnun rolu üzərindəki işini sənətkarın sənətdə atdığı ilk addımlarının uğuru adlandırmaq olar. Arif Babayevin “Məcnunu” elə ilk tamaşadan sonra böyük şöhrət qazanıb. Onun səsi Füzuli şeiri və Üzeyir musiqisi ilə birləşib, bənzərsiz bir Məcnun yaratdı.