Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı Göyçay rayonun müxtəlif yerlərində yaşıllıq zolaqlarının salınması və müxtəlif növ dekorativ güllərin əkilməsi işləri davam etdirilir.
Azadsöz.az xəbər verir ki, 25 noyabr tarixində Göyçay Rayon İcra Hakimiyyəti yanında Şəhər Təsərrüfatı Birliyinin Yaşıllaşdırma Sahəsinin işçi kollektivi tərəfindən Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçay rayonunun Natəvan küçəsində yerləşən yol dairəsinə yenidən dekorativ güllərin əkilməsi işlərinə başlanıb.
İlkin olaraq əkilməsi nəzərdə tutulan ərazinin torpaq örtüyü hamarlanıb, çalalar qazılıb və digər zəruri hazırlıq işləri görülüb.
Daha sonra əkilməsi həyata keçirilib.Yeni əkilən güllər suvarılıb və aqrotexniki qulluq göstərilib.
Qeyd edək ki, sözügedən əraziyə növbəti dəfə 150 ədəd dekorativ qızılgül əkilib.
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən ağacəkmə və dekorativ güllərin əkilməsinin məqsədi ictimaiyyətin diqqətini ətraf mühitin sağlamlaşdırılmasına, yaşıllıqların bərpasına və artırılmasına yönəltmək, iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verməkdir.
Qeyd edək ki, növbəti günlərdə də aksiya davam etdiriləcəkdir.
Səbuhi Eltonlu
Zəka Nağıyev