Azadsöz.az xəbər verir ki, Ermənistan Türkiyə ilə münasibətləri normallaşdırmaq, diplomatik əlaqələr qurmaq və sərhədləri açmaq niyyətindədir.
Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan özünün “Facebook” səhifəsində keçirilən onlayn mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, İrəvan Ankara ilə danışıqların dinamikası saxlanıldığı təqdirdə Türkiyə tərəfinin Antalyada keçiriləcək diplomatik forumda iştirak etmək dəvətini qəbul edə bilər.
“Artıq Ermənistan – Türkiyə münasibətlərinin nizamlanması üzrə xüsusi nümayəndələrin görüşü olub. Və bu dinamika davam edərsə, o zaman Ermənistanın Antalyadakı diplomatik forumda iştirak etməsi ehtimalı yüksəkdir. Biz söhbəti davam etdirmək imkanını qaçırsaq, məntiqsiz olar. Qeyd edək ki, dünya birliyi, o cümlədən Rusiya, Aİ, ABŞ, region dövlətləri münasibətlərin tənzimlənməsi prosesini dəstəkləyir”, – deyə Paşinyan bəyan edib.
Xatırladaq ki, bir müddət öncə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu erməni həmkarı Ararat Mirzoyanı adıçəkilən forumda iştirak etməyə dəvət edib. Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Hunanyan isə nazirin tədbirdə iştirakın məqsədə uyğunluğunu nəzərdən keçirdiyini bildirib.