Azadsöz.az xəbər verir ki, Baş Prokurorluğun Mətbuat xidməti dekabrın 9-u Şuşa rayonu ərazisində iki nəfər mülki şəxsin minaya düşməsi faktı ilə bağlı məlumat yayıb.
Məlumata görə, prokurorluq orqanları tərəfindən aparılan ilkin araşdırma ilə müəyyən edilmişdir ki, “Voltac” podratçı şirkətinin əməkdaşı 1999-cu il təvəllüdlü Orxan Xanatov və “Cengiz İnşaat” MMC-nin əməkdaşı 1992-ci il təvəllüdlü Vüsal Qəndiyev qeyd edilən ərazidə təmir tikinti işləri apararkən minaya düşmələri nəticəsində həlak olublar.
Faktla bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və digər maddələri ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə intensiv istintaq hərəkətləri həyata keçirilir.
13:05
Azadsöz.az xəbər verir ki, Daxili İşlər Nazirliyi (DİN) Şuşa rayonunun Daşaltı kəndində minaya düşən şəxslər barədə məlumat yayıb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, dekabrın 9-da səhər saat 09:00 radələrində Şuşa rayonunun Daşaltı kəndi ərazisində bərpa və quruculuq işləri ilə məşğul olan şirkətlərin əməkdaşları – İsmayıllı rayon sakini Vüsal Qəndiyev və Qobustan rayon sakini Orxan Xanatov xidməti işlərini yerinə yetirərkən erməni hərbi birləşmələri tərəfindən basdırılmış mina partlaması nəticəsində həlak olublar.
Qeyd edək ki, Baş Prokurorluğun Mətbuat xidməti də həmin hadisə ilə bağlı məlumat yayıb.
Məlumata görə, dekabrın 9-u Şuşa rayonu ərazisində iki nəfər mülki şəxsin minaya düşməsi nəticəsində həlak olmaları barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.
Hazırda faktla bağlı araşdırma aparılmaqla prokurorluq əməkdaşları tərəfindən hadisə yerində zəruri istintaq hərəkətləri həyata keçirilir.
İctimaiyyətə əlavə məlumat veriləcəkdir.
12:55
Azadsöz.az xəbər verir ki, Şuşa rayonunun Daşaltı kəndində iki nəfər minaya düşüb.
Baş verən hadisə zamanı hər iki şəxs ölüb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, bu barədə ilk məlumatı unikal.org yayıb.