Azadsöz.az xəbər verir ki, 44 günlük Vətən müharibəsində şəhid olan, Polkovnik Babək Səmidlinin ildönümü ilə əlaqədar Göyçayda Şəhidlər Xiyabanında, məzarı önündə anım mərasimi təşkil olunub.Mərasimdə rayon rəsmiləri, Babək Səmidlinin döyüş yoldaşları, hərbiçilər, qazilər, ictimaiyyət nümayəndələri və şəhidin ailə üzvləri iştirak ediblər.
Dövlət himninin səsləndirilməsindən sonra torpaqlarımızın ərazi bütövlüyü uğrunda canını fəda edən vətən oğullarının ruhu bir dəqiqəlik sükutla yad edilib, şəhidlərin ruhuna dualar oxunub. Mərasim iştirakçıları daha sonra Şəhidlər Xiyabanında Polkovnik Babək Səmidlinin məzarı üzərinə tər qərənfillər düzüblər.
Mərasimdə rayon icra hakimiyyətinin başçısı Mehdi Səlimzadə çıxış edərək 44 günlük Vətən müharibəsinin Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi sayəsində tarixi Qələbə ilə başa çatdığını, bu Qələbənin Polkovnik Babək Səmidli kimi zabitlərimizin, əsgərlərimizin qanı bahasına qazanıldığını vurğulayıb.
Çıxış edən Polkovnik Babək Səmidlinin döyüş yoldaşları onunla bağlı xatirələrini bölüşüblər.Vətənə, millətə necə bağlı insan olduğu diqqətə çatdırılıb.
Polkovnik Babək Səmidlinin qüsursuz xidmətindən bəhs edən videoçarx nümayiş olunub.Tədbir ehsan süfrəsi ilə davam edib.
Mərasimdə şəhidin ailə üzvləri cəmi şəhidlərimizə və onların ailələrinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirib.
Qeyd edək ki, 2020-ci il noyabrın 23-də Babək Səmidli Suqovuşan ərazisində minaya düşüb və şəhid olub.O, Beynəlxalq Qırmızı Xaç Komitəsi, Rusiya tərəfinin sülhməramlıları və Ermənistan tərəfinin rəsmilərində ibarət qrupun üzvü idi. Qrupun məqsədi döyüş meydanında qalan meyidlərin çıxarılması idi. Mina partlaması nəticəsində həmçinin 4 erməni rəsmisi və 1 rus sülhməramlısı da yaralandı. Babək Səmidli noyabrın 24-də Göyçay şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Prezident İlham Əliyevin Sərəncamına əsasən, Polkovnik Babək Səmidli ölümündən sonra “Zəfər” ordeni , “Vətən uğrunda” , “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.