Azadsöz.az xəbər verir ki, 44 günlük Vətən Müharibəsində qəhrəmancasına şəhid olan Göyçayın Qaraxıdır kənd sakini Abdullayev Səməd Sədiyar oğlunun, Yeniarx kənd sakini Məmmədov Pərvin Rza oğlunun və İkinci Ərəbcəbirli kənd sakini Məmmədov Xəyal Arif oğlunun ildönümləri məzarı önündə qeyd olunub.Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidlərin ailə üzvləri, dindarlar, ağsaqqallar və kənd sakinləri iştirak ediblər. Şəhidlərin əziz xatirəsi ehtiramla yad olunub, məzarları üzərinə gül dəstələri düzülüb.
Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı çıxış edərək qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində 30 ilə yaxın həsrət qaldığımız torpaqlarımızı işğaldan azad etdi. Hər bir Azərbaycan vətəndaşı Cənab Prezident İlham Əliyevin Qarabağ Azərbaycandır! ifadəsi altında səfərbər olmağı bacardı və 30 ilə yaxın bir müddətdə işğal altında olan torpaqlarımızı azad etməklə yurd, Vətən sevgisinin hər şeydən üstün olduğunu bir daha sübut etdi.
Daha sonra tədbirdə şəhidlərimizin keçdiyi döyüş yolundan, qəhrəmanlığından danışılıb. Şəhidlərin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlığını bildiriblər.