Azadsöz.az xəbər verir ki, Daşkəsən və işğaldan azad edilmiş Kəlbəcər rayonunun ərazisində yerləşən “Qaşqaçay”, həmçinin Kəlbəcər rayonunda olan “Elbəydaş” və “Ağduzdağ” filiz yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və istismara verilməsi ilə bağlı Türkiyənin “Cengiz Holdinq” qrupuna daxil olan “Eti Bakır A.Ş.” və “Artvin Maden A.Ş.” şirkətləri ilə müqavilələrin imzalanması mərasimi keçirilib.
İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, iqtisadiyyat naziri Mikayıl Cabbarov dövlət başçısının “Azərbaycan Respublikasının “Qaşqaçay”, “Elbəydaş” və “Ağduzdağ” filiz yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və istismarı ilə əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında” Sərəncamının icrasının təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib.
Nazir vurğulayıb ki, işğaldan azad olunmuş ərazilərimizdə digər sahələrlə yanaşı, dağ-mədən sənayesinin inkişafı, yüksək potensialı olan müxtəlif filiz yataqlarının tədqiqi və istismarı prioritet istiqamətlərdəndir. Bu baxımdan işğaldan azad edilmiş ərazilərimizin yerli və xarici investisiyalar cəlb edilməklə ölkə iqtisadiyyatına reinteqrasiyası və burada iqtisadi fəallığın təmin olunması mühüm əhəmiyyət kəsb edir.
İmzalanan müqavilələrin predmeti də məhz işğaldan azad olunmuş ərazilərimizdə, xüsusilə Kəlbəcər rayonunda dağ-mədən fəaliyyətinin başlanmasıdır. Hadisənin əlamətdar və qürurverici olduğunu qeyd edən iqtisadiyyat naziri 44 günlük Vətən Müharibəsində qazanılan böyük Qələbə ilə azad edilmiş ərazilərimizdə hazırda Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə genişmiqyaslı bərpa-quruculuq işlərinin aparıldığını vurğulayıb.
Bu işlərdə Azərbaycan şirkətləri ilə yanaşı, dost və qardaş Türkiyənin, eləcə də bir sıra ölkələrin şirkətləri də iştirak edir. Bu gün əsası qoyulan layihələr Azərbaycan-Türkiyə qardaşlığını bir daha nümayiş etdirir. Vurğulanıb ki, tərəfdaşlarımızın podratçı deyil, investor kimi fəaliyyəti xüsusilə əhəmiyyətlidir və işğaldan azad edilmiş ərazilərimizdə biznes fəaliyyətinin həyata keçirilməsi imkanlarının mövcudluğunun əyani sübutudur.
Nazir layihələrin yüksək sənaye-texnoloji və ekoloji standartlara uyğun həyata keçiriləcəyinə əminliyini ifadə edib. Geoloji kəşfiyyat işlərinin nəticələrindən asılı olaraq, gələcəkdə bu yataqların ətrafında dəyər zəncirini formalaşdıracaq emal müəssisələrinin qurulması nəzərdən keçiriləcəkdir. Layihələrin reallaşdırılması regionun təbii ehtiyatlarından səmərəli istifadə edilməsi və iqtisadi dövriyyəyə cəlb olunması, iqtisadiyyatının canlanması baxımından mühüm önəm kəsb edir.
İqtisadiyyat naziri dağ-mədən sənayesinin inkişaf perspektivlərindən danışıb, Azərbaycan Respublikası Prezidentinin Daskəsən rayonuna səfəri zamanı verdiyi tapşırığa əsasən, dəmir filiz mədəninin yenidən qurulması və istismara qaytarılması istiqamətində fəal işlər aparıldığını, ölkəmizin tranzit-logistik imkanlarının bu sahənin inkişafı üçün əlverişli şərait yaratdığını qeyd edib.
Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev işğaldan azad edilmiş torpaqlarımızın zəngin təbii resurslara malik olduğunu, yataqların istismara verilməsinin istehsal və emal sahələrinin yaradılmasında əhəmiyyətini vurğulayıb, bu sahədə böyük potensialı qeyd edərək yeni yataqların öyrənilməsi işlərinin aparıldığını bildirib.
Türkiyənin “Cengiz Holdinq” şirkətinin İdarə Heyətinin sədri Mehmet Cengiz imzalanan müqavilələrin ikitərəfli iqtisadi əməkdaşlığa, işğaldan azad edilmiş Azərbaycan ərazilərində yeni müəssisələrin və iş yerlərinin açılmasına töhfə verəcəyini vurğulayıb.
Tədbir çərçivəsində Azərbaycanın işğaldan azad edilmiş ərazilərində iqtisadi quruculuq işləri, faydalı qazıntı yataqlarının geoloji öyrənilməsi və istismarına dair təqdimatlar keçirilib.
Sonda Azərbaycan Respublikasının İqtisadiyyat və Ekologiya və Təbii Sərvətlər nazirlikləri ilə Türkiyənin “Artvin Maden İşletmeleri A.Ş.” şirkəti arasında “Elbəydaş” və “Ağduzdağ” filiz yataqlarının, həmçinin “Eti Bakır A.Ş.” şirkəti ilə “Qaşqaçay” filiz yatağının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və istismarına dair müqavilələr imzalanıb. Sənədi iqtisadiyyat naziri Mikayıl Cabbarov, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, “Cengiz Holdinq”in İdarə Heyətinin sədri Mehmet Cengiz imzalayıblar.