Azadsöz.az xəbər verir ki, 30 sentyabrda 44 günlük Vətən Müharibəsində şəhid olan Göyçayın Kürdəmiş kənd sakini, Rüfət Bəhram oğlu Mayılovun ildönümü məzarı başında və adının əbədiləşdirilməsi məqsədilə hazırlanan xatirə lövhəsinin qarşısında qeyd olunub.Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının rəhbərləri, din xadimləri, şəhidin ailə üzvləri, qazilər və digər məsul şəxslər iştirak edib.Şəhidin əziz xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.
Tədbirdə çıxış edən rayon rəhbəri Mehdi Səlimzadə şəhidimizin keçdiyi döyüş yolundan, qəhrəmanlıq əzmkarlığından danışıb.Sentyabrın 27-dən noyabrın 10-dək davam edən 44 günlük Vətən müharibəsində güclü həmrəyliyin, Azərbaycan xalqının böyüklüyünün və müdrikliyinin bir daha şahidi olduğumuzu vurğulayıb.Şəhidimizin xatirə lövhəsi qarşısında çıxış edənlər onunla bağlı xatirələrini bölüşüblər.
Tədbirin sonunda şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə, İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə təşəkkürünü bildiriblər.
Qeyd edək ki, Rüfət Mayılov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən Müharibəsi zamanı sentyabrın 30-da şəhid olub.Göyçayın Kürdəmiş kəndində dəfn olunub.
Prezident İlham Əliyevin sərəncamına əsasən, Rüfət Mayılov ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub.