Azadsöz.az xəbər verir ki, bu gün görkəmli Azərbaycanın “İstiqal şairi” Xəlil Rza Ulütürkün ildönümüdür.Xəlil Rza Ulutürk 1932-ci il 21 oktyabr Salyanın Pirəbbə kəndində anadan olub. 2 saylı şəhər orta məktəbində təhsil alıb. İlk mətbu şeri “Kitab” 1948-ci ildə “Azərbaycan pioneri” qəzetində işıq üzü görüb. 1948-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsinə daxil olub. Universitetdə ədəbiyyatşünas-alim Cəfər Xəndanın, sonralar şair Bəxtiyar Vahabzadənin rəhbərlik etdiyi ədəbi dərnəkdə, Azərbaycan Yazıçılar İttifaqında xalq yazıçısı Mirzə İbrahimovun başçılığı ilə keçirilən “Gənclər günü” məşğələlərində fəal iştirak edib.
1954-cü ildə Azərbaycan Dövlət Universitetini bitirən Xəlil Rza əmək fəaliyyətinə “Azərbaycan qadını” jurnalı redaksiyasında başlayıb.
Xəlil Rza Azərbaycan dilinin saflığı, əcnəbi dilin təsirinə məruz qalmaması üçün yorulmadan çalışırdı. Ötən əsrin 80-ci illərinin sonunda vətənpərvər şair milli azadlıq hərəkatına qoşulur.
Sovet ordusunun 1990-cı ilin yanvarında Azərbaycanın paytaxtı Bakıda dinc əhaliyə vəhşicəsinə divan tutması Xəlil Rzanı sarsıtmışdı. O, bütün qüvvəsi ilə gecə-gündüz dinclik bilmədən, ürəyini məşələ çevirib xalqı düşmənlərə qarşı mübarizəyə səsləyirdi: xarici ölkə jurnalistlərinə verdiyi müsahibələrdə 20 yanvar hadisələrini, Qorbaçovun və onun əlaltılarının qanlı əməllərini dünya ictimaiyyətinə çatdırmağa çalışırdı.
1990-cı il yanvarın 26-da Xəlil Rza SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşları tərəfindən həbs edilib Moskvaya – Lefortovo həbsxanasına göndərilir. Aramsız sorğu-sual, ağır ittiham şairin iradəsini qıra bilmir, o, zindanda da mübarizəsini davam etdirir. 8 ay 13 gün öz mühitindən təcrid olunmuş şair odlu-alovlu qəlbinin işığında “Lefortovo gündəliyini, 200-dən çox, şeir, poema və məktubunu qələmə alır.
Lefortovo həbsxanasında şəkər xəstəliyi olan Xəlil Rzanın səhhəti pozulmuşdu. 1990-cı il oktyabrın 9-da yatab qatarında Moskvadan Bakıya gətirilən Xəlil Rza, bir ay davam edən məhkəmə prosesindən sonra azadlığa buraxıldı.
1991-ci il mayın 6-da Xəlil Rza “Türk milləti mükafatı laureatı” fəxri adına layiq görülür. Bir ildən sonra, 1992-ci ildə ona Azərbaycan Respublikasının Xalq şairi fəxri adı verilir. 1994-cü il iyunun 22-də böyük şair həyata gözlərini yumur.
Xəlil Rza Ulutürk Fəxri Xiyabanda dəfn olunub, məzarı üzərində şairin əzəmətli heykəli ucaldılıb.
Azərbaycan xalqının milli mübarizəsində xüsusi xidmətlərinə görə xalq şairi Xəlil Rza Ulutürk (ölümündən sonra) “İstiqlal” ordeni ilə təltif edilib.