Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin Modul Tipli Hospitalının baş həkiminin qanunsuz əməlləri ifşa edilib.Bu barədə Azadsöz.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri ilə Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin Modul Tipli Hospitalının baş həkimi Ağayev İmran Əli Ağa oğlunun qeyri-rəsmi olaraq köməkçiləri olan həmin müəssisənin qeydiyyatçıları Orucov Qulu İlqar oğlu və İmanlı Taleh Mövlamerdi oğlu ilə qabaqcadan əlbir olub koronavirus xəstələrinin rəhbəri olduğu tibb müəssisəsində yerləşdirilməsi, eləcə də, müalicə alan xəstələrin daha yüksək səviyyəli tibbi və sair təminatla təchiz edilmələri müqabilində müxtəlif məbləğlərdə pul vəsaitinin rüşvət qismində yığılaraq sonradan öz aralarında bölünməsinə dair əvvəlcədən qarşılıqlı şəkildə ümumi razılıq əldə etməsinə, həmin razılaşmaya uyğun olaraq xəstələrin həmin hospitala salınması, hospitalın “VİP korpus”u hesab edilən 15-ci korpusunda qəbul edilməklə yerləşdirilməsi və digər bu kimi üstünlüklər əldə etmələrinə görə hər xəstədən sonuncular vasitəsilə müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində alıb aralarında bölməsinə əsaslı şübhələr müəyyən edilib.
Həmin faktlarla əlaqədar başlanmış cinayət işi üzrə toplanmış sübutlarla İmran Ağayev və Taleh İmanlıya Cinayət Məcəlləsinin 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham elan edilməklə, barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, Qulu Orucov isə eyni qanunsuz əməllərin törədilməsinə görə şübhəli şəxs qismində tutulub.
Hazırda cinayət işi üzrə qeyd olunan eyni xarakterli digər qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.