Azadsöz.az xəbər verir ki, Rusiya Daxili işlər Nazirliyi ölkə ərazisində qanunsuz yaşayan xarici vətəndaşlara müvəqqəti yaşayış müddətini uzatmaq üçün qurumun bölmələrinə təkidlə müraciət etmələrini tövsiyə edib.Bu barədə Rusiyanın daxili işlər naziri Vladimir Kolokoltsev xarici vətəndaşlara müraciət edərək bildirib.
“Prezidentin koronavirus infeksiyasının (COVID-19) yayılması təhlükəsi ilə əlaqədar olaraq Rusiya Federasiyasındakı xarici vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin hüquqi statusunu tənzimləyən müvəqqəti tədbirlər haqqında fərmanına müvafiq olaraq müəyyən edilmiş miqrasiya qanunvericiliyini pozaraq Rusiya Federasiyası ərazisində olan əcnəbilərə bu vəziyyətdə nəzərdə tutulan sanksiyalar tətbiq edilmədən onlara hüquqi statuslarını həll etmək imkanı verilir. Bununla əlaqədar qanuni əsasları olmadan Rusiya Federasiyası ərazisində olan şəxslərin Rusiya Daxili İşlər Nazirliyinin ərazi üzrə qurumlarına müraciət etmələri təkidlə tövsiyə olunur”, – deyə Rusiya DiN rəhbəri bildirib.
Qeyd edək ki, bir müddət öncə Rusiya DİN adından ölkə ərazisində qanunsuz yaşayan və fəaliyyət göstərən xarici vətəndaşların Rusiya ərazisini tərk etməsi üçün iyunun 15-nə qədər vaxt verildiyi barədə məlumatı yayılmışdı.