Azadsöz.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan 20 apreldə günün ikinci yarısı Sünik bölgəsinə (Zəngəzur – red.) yola düşüb.
Bu barədə “News.am” saytı məlumat verib. Bildirilib ki, səfərlə bağlı məlumat ciddi şəkildə gizli saxlanılıb, hətta təhlükəsizlik qüvvələri bu barədə son anda məlumat alıblar. Yol polisinə isə səfərdən yalnız yarım saat əvvəl hökumət başçısını müşayiət etmək göstərişi verilib.
Üstəlik, Paşinyanın etibar etdiyi polis məmurlarına Zəngəzura getmələri əmr edilsə də, səfərin məqsədi barədə heç bir məlumat verilməyib.
Qeyd edək ki, Sünik bölgəsi Polis İdarəsinin rəisi, müavini, eləcə də Gorus və Qafan Polis idarələrinin rəhbərləri səfərdən bir gün öncə gözlənilmədən dəyişdirilib. Sözügedən bölgə icmalarının bütün rəhbərləri əvvəllər açıq şəkildə Paşinyanın istefasını tələb ediblər.
Xatırladaq ki, Nikol Paşinyanın keçən ilin dekabr ayının sonunda bu bölgələrə planlaşdırılan səfəri pozulmuşdu. Belə ki, Sünik sakinləri Gorus yaxınlığında magistral yolu bağlayaraq Baş nazirin yolunu kəsmiş və Sisian şəhərinə buraxmamışdılar.