Azadsöz.az xəbər verir ki, AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) Ümumi yığıncağının onlayn iclasında AMEA Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru vəzifəsinə seçkilər keçirilib.
Açıq səsvermədən öncə çıxış edən FRTEB-in Elmi şurasının sədr müavini, akademik Cavad Abdinov qeyd edib ki, AMEA prezidentinin təqdimatına və AMEA Rəyasət Heyətinin 8 yanvar 2021-ci il tarixli qərarına müvafiq olaraq, adıçəkilən vəzifəyə AMEA-nın müxbir üzvü Misir Mərdanovun namizədliyi irəli sürülüb.
Açıq səsvermə ilə AMEA-nın müxbir üzvü Misir Mərdanov AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru vəzifəsinə seçilib və təsdiq edilməsi üçün AMEA Rəyasət Heyəti qarşısında vəsatət qaldırılması barədə qərar qəbul edilib.