Azadsöz.az xəbər verir ki, martın 19-da rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə Potu kəndində artezian quyusunun istifadəyə verilməsi və Bığır kəndinin körpü keçidində görülən işlərlə maraqlanıbdır.
Potu kəndinin sakinlərinin istəyi nəzərə alınaraq, rayon rəhbərliyinin təşəbbüsü ilə kənddə artezian quyusu bərpa olunaraq istifadəyə verilibdir. Artezian quyusunun yenidən bərpası ilə 100 dən çox sakinin içməli suya olan tələbatı tam ödənilibdir.
Sözügedən kənddə görülən işləri diqqətə alan rayon rəhbəri bildirib ki, növbəti mərhələlərdə də əhalinin suya olan tələbatının ödənilməsi üçün əlavə tədbirlər görüləcək.
Bununla yanaşı, rayonun Bığır kəndinə şəhid ailəsinin müraciətinə əsasən yaşadığı evə gedən rayon rəhbəri körpü keçidində görülən işlərlə tanış olubdur.
Qeyd edək ki, qəzalı vəziyyətdə olan körpü keçidində bir müdddət əvvəl rayon rəhbərliyinin tövsiyəsinə əsasən bərpa olunması istiqamətində işlərə başlanıbdır. Körpü keçidi əsaslı təmir olunaraq istifadəyə yararlı vəziyyətə gətirilibdir.
Ərazidə yaşayan kənd sakinləri körpünün təmirində əməyi olanlara dərin minnətdarlıqlarını bildiriblər.