Azadsöz.az xəbər verir ki, məhkəmələrə hakimlərin seçilməsi test imtahanı, yazılı imtahan və müsahibə olmaqla üç mərhələdən ibarət olacaq.
Bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Məhkəmələr və hakimlər haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsində əksini tapıb.
Eyni zamanda layihəyə əsasən, ilk dəfə hakim vəzifəsinə təyin edilən şəxslər hakim təyin olunduqdan dərhal sonra təlimə cəlb ediləcəklər.
Layihədə hakimlərin fəaliyyətinin qiymətləndirilməsi üçün Məhkəmə-Hüquq Şurasının ixtisaslaşmış orqanının – Hakimlərin Qiymətləndirilməsi Komitəsinin yaradılması da nəzərdə tutulub.
Layihə I oxunuşda səsə çıxarılaraq qəbul edilib.