Azadsöz.az xəbər verir ki, I Qarabağ müharibəsində itkin düşmüş və 2024-cü ildə şəxsiyyəti müəyyən edilmiş Göyçay rayonu Ulaşlı-Şıxlı kənd sakini Eldarov Rasim Səfər oğlunun nəşinin qalıqları Ulaşlı-Şıxlı kəndinə gətirilib.
Şəhidlə vida mərasimində rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, Milli Məclisin deputatı Sabir Hacıyev, RİH başçısı aparatının məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri, Azadsöz.az xəbər saytının və AzadSözAz televiziyasının əməkdaşları, Vətən müharibəsinin iştirakçıları, şəhid ailələri, dindarlar, ağsaqqallar, şəhidin ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Cənazə namazı qılındıqdan sonra şəhid Göyçay Şəhər Şəhidlər Xiyabanına gətirilərək torpağa tapşırılıb, dualar oxunub. Dəfn zamanı hərbi orkestrin müşayiəti ilə Dövlət Himni ifa olunub və yaylım atəşi açılıb.
Daha sonra şəhid cənazəsinə bükülmüş Azərbaycan bayrağı rayon icra hakimiyyətinin başçısı tərəfindən şəhidin qardaşına təhvil verilib.
Əslən Göyçay rayonunun Ulaşlı Şıxlı kəndindən olan Rasim Eldarov 17 iyul 1968-ci ildə Bakı şəhəri Sabunçu rayonunda anadan olub. O, 28 avqust 1993-cü ildə Füzuli rayonunun Kürdmahmudlu kəndi istiqamətində gedən döyüşlərdə itkin düşüb.Füzuli rayonunun Bala Bəhmənli kənd qəbirstanlığında naməlum şəhid kimi dəfn edilmişdir.
Səbuhi Eltonlu
Gülşən Muradova
Zəka Nağıyev
Arif Heydərov