23 Noyabr 2024 15:23

Prezident İlham Əliyev: “Qız Qalası” hidroqovşağının açılışı və “Xudafərin” hidroqovşağının istismara verilməsi tarixi hadisədir

Azərbaycanın qonşu ölkələr ilə münasibətlərinin səviyyəsi regional inkişaf və təhlükəsizliyin təmin edilməsi baxımından hər zaman əhəmiyyət kəsb edib. Ölkəmiz region ölkələri ilə münasibətlər müstəvisində hər zaman dostluq, mehriban qonşuluq, səmərəli əməkdaşlıq prinsiplərinə üstünlük verir. Ölkəmizin yaxın qonşularından olan İran İslam Respublikası ilə münasibətlərin yaxşılaşdırılması, əlaqələrin genişləndirilməsi və əməkdaşlığın getdikcə möhkəmləndirilməsi hər zaman mühüm əhəmiyyət kəsb edən amillərdən olub. Azərbaycan-İran münasibətləri dərin tarixi köklərə malikdir. Bu xalqlar əsrlər boyu bir yerdə yaşayıb-yaratmışlar. Xüsusilə din, dil və qədim tarixi köklər bu iki xalqın münasibətlərinə həmişə təsir göstərib, bir-birinə sıx bağlayıb. Sürətlə dəyişən geosiyasi mənzərə ölkələr arasında münasibətlərdə qısamüddətli dalğalanmalara səbəb olsa da, əlaqələrin həm strateji, həm də taktiki baxımından vacibliyi dost və mehriban qonşuluq münasibətlərinin güclənməsinə zərurət yaradıb.

İran 1991-ci il dekabrın 25-də Azərbaycanın müstəqilliyini tanıyan ölkələrdən biri olub, 1992-ci il martın 12-də isə iki ölkə arasında tam diplomatik münasibətlər qurulub. Böyük tarixi köklərə əsaslanan münasibətlərimiz Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra yeni inkişaf mərhələsinə qədəm qoyub və bu əlaqələr sonrakı illərdə möhkəm siyasi iradə sayəsində daha da genişlənib. Azərbaycan prezidenti İlham Əliyev hər zaman İran ilə münasibətlərə xüsusi önəm verdiyini, bu əlaqələrin regionun inkişafına və təhlükəsizliyinə xidmət etdiyini dəfələrlə bəyan edib. Cari ilin 19 may tarixində Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimində dövlətimizin başçısı iki ölkə arasında münasibətlərdən bəhs edərkən xüsusi olaraq vurğulayıb ki, “İran – Azərbaycan birliyi, dostluğu sarsılmazdır. Heç kim bizim aramıza girə bilməz. Bu səylər əbəsdir və biz bugünkü mərasimlə bunu bir daha sübut edirik”.

Hər iki ölkənin möhkəm siyasi iradəsi sayəsində qurulan əlaqələr bu gün yüksək səviyyəli qarşılıqlı səfərlər, müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, aparılan müzakirələr, imzalanan sənədlərlə daha da möhkəmlənib və genişlənib. Siyasi əlaqələrimizin yüksək əlaqəsi və geniş müqavilə-hüquq bazası öz növbəsində, ölkələrimiz arasında iqtisadi müstəvidə də münasibətlərin inkişafına böyük töhfələr verib. Bu gün Azərbaycan ilə İran arasında iqtisadiyyatın müxtəlif istiqamətlərində, o cümlədən, energetika, kənd təsərrüfatı, nəqliyyat, turizm, sərmayə qoyuluşu sahələrində əməkdaşlıq mövcuddur. Ölkələrimizin birgə təşəbbüsü ilə həyata keçirilən layihələr təkcə xalqlarımızın deyil, regionun inkişafına mühüm töhfələr verməkdədir.

Dövlət başçımızın qeyd etdiyi kimi “Qız Qalası” hidroqovşağının açılışı və “Xudafərin” hidroqovşağının istismara verilməsi tarixi hadisədir. Əlbəttə, İkinci Qarabağ müharibəsindən sonra yaranmış yeni reallıqlar da ikitərəfli əlaqələrin daha da gücləndirilməsi üçün daha da münbit şərait yaradır. Bu mənada iki ölkə arasında enerji körpüsünün yaradılması iki ölkənin iqtisadi həyatında mühüm hadisədir. Bu stansiyalar Araz çayının su və enerji ehtiyatlarından hər iki tərəfin birgə istifadəsinə imkanlar yaradır, eyni zamanda iqtisadi və strateji aspektdən çox əhəmiyyətlidir. İranın bu layihələri ərsəyə gətirmək üçün geniş imkanları, böyük təcrübəsi var. Layihənin reallaşdırılması dostluğun növbəti təzahürüdür.

Bakı həmişə həm regional, həm də qlobal layihələrin həyata keçirilməsinin tərəfdarı olub, onların həyata keçirilməsi regionun inkişafına və ölkələr arasında əməkdaşlığa töhfə verib. Azərbaycanın Şimal-Cənub və Qərb-Şərq dəhlizlərinin kəsişməsində yerləşməsi, eləcə də, ölkədə lazımi infrastrukturun olması onu digər ölkələr üçün strateji baxımından cəlbedici edir. Bu baxımdan Azərbaycanın qonşu ölkələr ilə arasında nəqliyyat və tranzit potensialının artırılması sahəsində əməkdaşlıq əsasən Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin qlobal layihəsinə əsaslanır. “Bizi birləşdirən layihələr arasında nəqliyyat layihələri xüsusi rol oynayır. Bu gün nəinki ölkələrimiz üçün, daha geniş coğrafiya üçün böyük əhəmiyyət daşıyan Şimal-Cənub Nəqliyyat Dəhlizinin yaradılması ilə əlaqədar birgə səylər göstərilib. Bu günə qədər göstərilən səylər artıq real layihələrə çevrilib. Bundan sonra həm İran ərazisində, həm Azərbaycan ərazisində müasir dəmir yolu infrastrukturunun yaradılması və modernləşdirilməsi Şimal-Cənub Nəqliyyat Dəhlizini dünyanın ən önəmli nəqliyyat damarına çevirəcəkdir. Şimal-Cənub Nəqliyyat Dəhlizi üzrə keçən il yükdaşımaların həcmi 50 faizdən çox artıb, bu ilin üç ayında da artıb. Bütövlükdə isə İranla Azərbaycan arasındakı yükdaşımaların artımı 50 faizdən çoxdur və bu, hələ başlanğıcdır, dəmir yolu tam istismara veriləndən sonra bu rəqəmlər daha da artacaq” – deyə prezident bu istiqamətdə bir çox məqamlara aydınlıq gətirdi.

Azərbaycan ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatı nəticəsində 30 ilə yaxın Ermənistanın işğalı altında olan Cəbrayıl və Zəngilan rayonlarının azad edilməsi ilə Azərbaycan-İran dövlət sərhəddi tam bərpa edildi, həmçinin ölkələrimiz arasında iqtisadi əməkdaşlıq üçün yeni perspektivlər açdı. Dövlət sərhəddimizin bərpası eyni zamanda Azərbaycan – İran tarixi əlaqələri üçün yeni səhifənin açılması üçün vacib məqamlar yaratdı.

Göründüyü kimi Azərbaycan regional əməkdaşlığı uğurla inkişaf etdirir. Bölgədə nəqliyyat kommunikasiyalarının bərpası və eyni zamanda bir çox istiqamətdə qlobal əhəmiyyətli layihələrin icrası Azərbaycanın bölgə və region ölkələri ilə hərtərəfli əməkdaşlığın inkişafına mühüm töhfələr verir.

Azadsöz.az

Ankara escort İstanbul Travesti Shemale İstanbul