Azadsöz.az xəbər verir ki, Azərbaycan Respublikası Atçılıq Federasiyası olaraq, ölkəmizin ənənəvi milli idman növlərindən biri olan Çövkən oyununa həsr olunmuş möhtəşəm bir tədbiri elan etməkdən qürur duyuruq.
Mayın 21-də saat 14:00-da Binə Atçılıq Mərkəzində Peşəkar Çövkən Liqasının təntənəli açılış mərasimi və 1-ci turunu ilk 2 oyunu keçiriləcəkdir. Liqanın 1-ci turunun qalan 3 oyunu isə 22 may 14:00 tarixdə eyni məkanda davam edəcək.
Açılış mərasimindən bir gün əvvəl, 20 May 2024-cü il tarixində saat 12:00-da eyni məkanın Elit Park restoranında press konfrans və liqanın püşkatması təşkil olunacaqdır. Püşkatmada 10 komanda (Ağstafa Dilbaz, Elit, Embavud, Köhlən, Qarabağ, Omar, Polad, Sərhədçi, Şirvan və Zəfər Çövkən Komandaları) iştirak edəcək.
21 May 2024-cü ildə keçiriləcək açılış mərasimində milli atlarımızın iştirakı ilə 10 peşəkar Çövkən komandasının mövsüm ərzində çempionluq uğrunda mübarizəsi başlayacaqdır. Tədbirdə Qarabağ atlarının bu il Böyük Britaniyada nümayiş etdiyi möhtəşəm şou nömrəsi və komandalar arasında iki maraqlı oyun keçiriləcəkdir. Keçiriləcək oyunlar püşkatma əsasında müəyyən ediləcəkdir.
Çövkən, əsrlər boyu Azərbaycan xalqının qonaqpərvərliyi və tolerantlığı ilə seçilən tarixi və mədəni irsinin ayrılmaz bir parçasıdır. XII əsrdə böyük şair və filosof Nizami Gəncəvi özünün məşhur “Xosrov və Şirin” poemasında Çövkən oyununu təsvir etmişdir. O dövrdən başlayaraq, Çövkən Asiya, Avropa və Amerika qitələrində geniş yayılmış və müasir atüstü oyunların əsası kimi tanınıb.
2013-cü ilin dekabrında Çövkən, YUNESKO tərəfindən təcili qorunmağa ehtiyacı olan qeyri-maddi mədəni irs nümunəsi kimi tanınmışdır. 2013-2014-cü illərdə Bakı şəhərində təşkil olunan Arena Polo üzrə Dünya Kuboku yarışları “Polo Vətənə qayıdır” və “Polo Vətənini tanıdır” devizləri altında keçirildi. 2 fevral 2024-cü ildə isə ölkəmizdə Beynəlxalq Çövkən Federasiyası təsis edildi.