Məlum olduğu kimi, Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin mayın 8-də Azərbaycan Respublikasına rəsmi səfər edib. Səfər çərçivəsində bir neçə önəmli sənədlər imzalanmışdır ki, onların içərisində təbii ki, strateji tərəfdaşlığın gücləndirilməsi haqqında Birgə Bəyannamə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında strateji tərəfdaşlığın gücləndirilməsi haqqında imzalanmış bu sənəd qarşılıqlı etimadın göstəricisi kimi qiymətləndirilməlidir.
Bəllidir ki, Bolqarıstan və Azərbaycan 2015-ci ildən strateji tərəfdaşdırlar. Bu illər ərzində əlaqələrimiz sürətlə və uğurla inkişaf edib. Dövlət başçımızın qeyd etdiyi kimi Bolqarıstan Prezidentinin məlum səfəri bunun bir daha növbəti təzahürüdür. Səfər çərçivəsində eyni zamanda hər iki ölkə liderləri Bolqarıstan-Azərbaycan əlaqələrinin geniş spektri konteksində müzakirələr və gələcək addımlarımız haqqında fikir mübadiləsi aparılmışdır.
Azərbaycan ilə Bolqarıstan arasında qarşılıqlı münasibətlər 1992-ci ilin yanvarında Bolqarıstanın Azərbaycanın müstəqilliyinin tanınmasından sona başlamışdır. İki ölkə arasında əlaqələr illər keçdikcə daha da inkişaf edərək dövlət və hökümət başçılarının qarşılıqlı səfərləri ilə daha da gücləndirildi.
İki ölkə arasında son dövrlərə nəzər yetirsək görərik ki, ticarət dövriyyəsi bir neçə dəfə artmışdır. Buna səbəb isə təbii qaz təchizatı sahəsində Azərbaycan qazının Bolqarıstana ixracını göstərmək olar. Təkcə onu demək kifayətdir ki, təbii qaz təchizatı sahəsində ildən-ilə Azərbaycan qazının Bolqarsıtana ixracı artmaqdadır. Keçən il 1 milyard 250 milyon kubmetr Azərbaycan qazı Bolqarıstan bazarına nəql edilmişdir. 2022-ci ildə bu rəqəm 600 milyon kubmetr idi, bu ilin sonuna qədər isə 1,5 milyard kubmetr Azərbaycan qazı Bolqarıstana ixrac ediləcək. Bu da Bolqarıstanın qaz istehlakının təqribən 50%-ni təşkil edir.
Bolqarıstan, eyni zamanda qaz nəqli istiqamətində önəmli tranzit ölkə rolunu həyata keçirir, hazırda Azərbaycan qazı Bolqarıstan ərazisindən digər qonşu ölkələrə ixrac edilir və şübhəsiz ki, gələcəkdə bu ölkələrin sayı daha da artacaq. Bu isə əməkdaşlığımızın, çox güclü ikitərəfli əlaqələrimizin məntiqi nəticəsidir. Eyni zamanda Azərbaycanda Bolqarıstan investisiyalı kommersiya qurumları, sənaye, tikinti, ticarət və xidmət sahələrində aktiv fəaliyyət göstərir.
Azərbaycan Avropa məkanı üçün təkcə neft-qaz təchizatçısı kimi deyil, eyni zamanda yaşıl enerji təchizatçısı kimi özünü göstərəcək və Bolqarıstanla da bu istiqamətdə çox fəal işlər aparılacaqdır.
Əminliklə qeyd etmək olar ki, Bolqarıstan Respublikasının Prezidentinin ölkəmizə səfəri ölkələrimizin arasında əlaqələrin möhkəmlənməsinə və genişlənməsinə mühüm töhfələr verəcəkdir.
Azadsöz.az