Azadsöz.az xəbər verir ki, Bakı şəhəri Səbail rayon məhkəməsi tərəfindən Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə həbs edilmiş Dünyamaliyev Cavid İlqar oğlunun müdafiəçisinin qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatətinə baxılaraq, təmin olunmayıb.
Məlum olur ki, C.Dünyamalıyev Cinayət Məcəlləsinin 271.3, 272.3 və 273-1.4.2-ci maddələri ilə məsuliyyətə cəlb edilmiş qrup üzvlərindən yalnız biridir.
Qeyd olunan şəxslər Səhiyyə Nazirliyinin “e-health.gov.az”, Elm və Təhsil Nazirliyinin “miq.edu.az” və digər məlumat bazalarına kibermüdaxilə yolu ilə qanunsuz daxil olaraq Azərbaycan Respublikası vətəndaşlarına məxsus fərdi məlumatları ələ keçirib, sahibliklərində olan xüsusi serverlərə ötürmüşlər.
Həmin şəxslərin fəaliyyətləri ifşa olunub, topladıqları fərdi məlumatlara giriş imkanları isə bloklanıb.
Qeyd edək ki, dünyada kibercinayətlərin artmaqda olduğu bir vaxtda ilk dəfə 2024-cü ildə Oksford Universitetinin təşkilatçılığı və 92 ixtisaslaşmış beynəlxalq ekspertin iştirakı ilə 3 illik təhlillərin nəticəsi olaraq kibercinayətkarlıqla mübarizə vəziyyəti və əlaqəli kriteriyalar üzrə “Dünya Kibercinayətkarlıq İndeksi” tərtib edilərək yayımlanmışdır.
İndeksə əsasən, Rusiya, Ukrayna, Çin, ABŞ, Nigeriya, Ruminiya kimi ölkələr kibercinayətkarlıq təhlükəsinin daha yüksək olduğu dövlətlər sırasında qeyd edilmişdir. Azərbaycan ümumi sıralamada 0.13 indeks göstəricisi ilə Lüksemburq və Yaponiya kimi ölkələrlə birgə ən yaxşı göstəricilərə malik dövlətlər sırasında indeksləşdirilmişdir.
Ötən müddətdə Azərbaycan dövlət strukturları tərəfindən kibercinayətkarlığa qarşı ciddi institusional, preventiv və prosessual tədbirlər həyata keçirilib.