“Azadsöz.az “ AQTA istinadən xəbər verir ki, Qusar şəhəri, Ç.Qurbanov küçəsində fəaliyyət göstərən, “Riad” firmasına məxsus bazarda Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən planlı yoxlama keçirilib.
Baxış zamanı bazarda sanitar-gigiyenik və sanitar-texniki vəziyyətin qənaətbəxş olmadığı, qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkar edilib. Belə ki, bazarda fəaliyyət göstərən ticarət obyektlərinin qida məhsullarının saxlanması və satışı üzrə tələblərə uyğun müvafiq avadanlıqlarla təmin edilmədiyi, üzərində etiket məlumatları olmayan müxtəlif çeşiddə məhsulların satışının həyata keçirildiyi, xüsusi risk qrupuna aid məhsulların temperatur rejiminə əməl olunmadığı, mal qonşuluğu prinsipinin pozulduğu, işçilərin ilkin və dövri tibbi müayinədən keçmədiyi, qida ilə təmasda olan səthlərin asan təmizlənə və dezinfeksiya edilə bilən materialdan təşkil edilmədiyi və digər nöqsanlar müəyyən olunub.
Aşkar olunmuş nöqsanlarla bağlı qanunvericiliyə uyğun olaraq müəssisə rəhbəri barəsində inzibati protokol tərtib olunub. Bazarda toyuq, balıq, süd və süd məhsullarının satışı sahələrində işlərin görülməsinin, xidmətlərin göstərilməsinin və satışının dayandırılması, eyni zamanda işçi heyətin üzvlərinin kənarlaşdırılması barədə məhdudlaşdırıcı qərar qəbul edilib.
Agentlik bir daha bazar rəhbərlərinin nəzərinə çatdırır ki, bu satış və ticarət müəssisələrində sanitariya-gigiyena qaydalarına, mal qonşuluğu prinsiplərinə ciddi riayət edilməli, tez xarab olan məhsulların (ət və süd məhsulları) satışı üçün sahələr soyuducu şkaf və ya soyuducu vitrin, həmçinin dondurucularla təchiz olunmalı, qida məhsulları onların təhlükəsizliyini təmin edə biləcək üsullarla qablaşdırılmalı, məhsulların etiketlənməsi dəqiq, aydın, istehlakçılar üçün tam başa düşülən və oxunaqlı olan tərzdə həyata keçirilməli, qida ilə təmasda olan işçilər ilkin və dövri tibbi müayinədən keçməli, xüsusi geyimlə təmin edilməlidir.
Qida təhlükəsizliyi tələblərinə əməl etməyən sahibkarlar barəsində ən sərt tədbirlər görüləcək.