Azadsöz.az xəbər verir ki, bu gün AFFA-nın Hesabat-Seçki Konfransı keçiriləcək.
Belə ki, saat 10:00-da başlayacaq tədbir AFFA-nın indiki prezidenti Rövnəq Abdullayev tərəfindən açıq elan ediləcək və ardınca Konfransın tərkibi yoxlanılacaq.
Qurumun baş katibi Sərxan Hacıyevin məruzəsi ilə davam edəcək toplantıda Maliyyə Hesabatları müzakirə olunacaq və müstəqil auditorun çıxışı dinləniləcək.
Konfrans AFFA-nın yeni prezidenti və İcraiyyə Komitəsinin üzvlərinin seçilməsi ilə yekunlaşacaq. Qurumun yeni rəhbəri postuna yeganə namizəd SOCAR-ın prezidenti Rövşən Nəcəfdir.
Komitə üzvlüyünə prezidentdən başqa, 12 yerə də eyni sayda namizəd var. Peşəkar Futbol Liqası İctimai Birliyi Səməd Qurbanov, Fərid Mansurov, Xəyal Cəfərov, Qurban Qurbanov, Maqsud Adıgözəlovun, Regional Futbol Federasiyaları İctimai Birliyi Elşad Nəsirov, Balakişi Qasımov, Sərxan Hacıyevin, İctimai Futbol Təşkilatları İctimai Birliyi Könül Mehtiyeva, Zaur Axundovun, Sahə Futbol Federasiyaları İctimai Birliyi Ülvi Mansurov və Leyla Xəlilova-Rzazadənin namizədliyini irəli sürüb.
Qeyd edək ki, Konfransın ardından İcraiyyə Komitəsinin yeni tərkibdə ilk iclası planlaşdırılıb.