Azadsöz.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Goranboy rayonu, Goranlı kəndi ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
Nazirliyin Mətbuat Xidmətindən verilən məlumata görə, daxil olan məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Goranboy Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb ediliblər.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, iki “Hyundai” markalı yük avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib və sürücülərdən biri deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb.
Yanğınsöndürən-xilasedicilər tərəfindən xüsusi xilasetmə vasitələrindən istifadə olunmaqla avtomobildə sıxılmış vəziyyətdə qalan və müxtəlif bədən xəsarətləri alan sürücü xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.