Azadsöz.az xəbər verir ki, Azərbaycan Respublikasının Gənclər Fondunun elan etdiyi 17-ci qrant müsabiqəsinin qalibləri sırasında yer alan “Yeni Yol” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin “Region gənclərinin qərarvermədə iqtisadi və maliyyə savadlılığının artırılması” adlı layihəsinin ilkin mərhələsi həyata keçirilib.
Layihə çərçivəsində ilk təlimlər 16-17 dekabr 2023-cü il tarixlərində Göyçay rayonunda baş tutub. Təlimlərin ilk günü gənclərlə ümumi tanışlıq, layihənin məqsədi və əhəmiyyəti ilə bağlı məlumatlandırma, bir-biriləri ilə ünsiyyət qurmaq, özlərini daha yaxşı ifadə etmək üçün müxtəlif oyunların təşkili ilə xarakterizə olunub, ikinci gün isə “İqtisadiyyat və maliyyənin əlaqəsi”, “Maliyyə savadlılığı”, “Şəxsi büdcənin idarə edilməsi” mövzularında təlimlər, müxtəlif enercayzerlərlə yadda qalıb.
Layihənin həyata keçirilməsində məqsəd Azərbaycanda region gənclərinin məşğulluq imkanlarını dəyərləndirmələri üçün onların iqtisadi və maliyyə savadlılığını artıraraq iqtisadi qərar qəbuletmə bacarıqlarının inkişaf etdirilməsidir.
Qeyd edək ki, layihə “Yeni Yol” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin təşəbbüsü, Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşkilati dəstəyi ilə həyata keçirilir.