Azadsöz.az xəbər verir ki, Agentlik tərəfindən 18 yaşınadək əlilliyi olan şəxslər üçün 4 yeni sosial xidmət mərkəzi də yaradılacaq.
Bunu Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov mətbuat konfransında çıxışı zamanı deyib.
“Bu mərkəzlərin Bakının Yasamal rayonunda, həmçinin, Hacıqabul, Göyçay və Ağdamda yaradılması nəzərdə tutulur.
Yaxın vaxtlarda istifadəyə veriləcək bu yeni ixtisaslaşmış sosial xidmət mərkəzlərində 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə sosial reabilitasiya xidmətləri göstəriləcək. Bu mərkəzlərdə sosial işçi, psixoloq, sosial pedaqoq, loqoped və aktiv terapevt tərəfindən əlilliyi olan şəxslərin reabilitasiya ehtiyaclarının qiymətləndirilməsi aparılacaq.
Bu müəssisələrdə göstərilən xidmətlər şəxslərdə ünsiyyət, özünəxidmət və sadə əmək vərdişlərinin formalaşmasını, çatışmazlıqların korreksiyasını, onların sosial statusunun bərpa edilməsini və cəmiyyətə inteqrasiyasını təmin edəcək”, – deyə V.Behbudov bildirib.