“Dünən və bu gün müxtəlif saytlarda Azərbaycanda zəlzələ olacağına dair müxtəlif fikirlər səsləndirilməsindən sonra bizə vətəndaşlarımız tərəfindən çoxsaylı müraciətlər edilib. Məlumat üçün bildirmək istəyirəm ki, bu açıqlamaları verən və özlərini seysmoloq-ekspert kimi adlandıran şəxslər ölkədə kompleks geofiziki-seysmoloji tədqiqatlar aparan və yeganə təşkilat olan AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində çalışmırlar. Həmçinin onların zəlzələyə dair verdiyi açıqlamaların hansı tədqiqatlara söykəndiyi də bizə məlum deyil”.
Azadsöz.az xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin mətbuat xidmətinin rəhbəri Vüsalə Rafiqqızı deyib.
“RSXM tərəfindən respublika ərazisində fasiləsiz olaraq 24 saat “real vaxt rejimi”ində 84 seysmik stansiyalar və 24 GPS stansiyaları vasitəsi ilə müşahidə aparılır. İl ərzində respublika ərazisində geofiziki poliqonlarda maqnometrik və qravimetrik tədqiqatlar aparılır. Saniyəbəsaniyə alınan məlumatlar mərkəzin müvafiq şöbələri tərəfindən emal olunur, təhlil edilir və yalnız bundan sonra biz alınmış nəticələrə dair açıqlamalar veririk. Bir daha qeyd etmək istəyirəm ki, Azərbaycan seysmik baxımdan aktiv bölgədə yerləşir.
Ərazimizdə hiss olunan və hiss olunmayan, yaxud zəif hiss olunan təkanlar olur və bu seysmik zonalar üçün xarakterik haldır. Dəfələrlə də qeyd etdiyimiz kimi zəlzələnin dəqiq proqnozu olmadığına görə, zəlzələ olacaq və olmayacaq kimi birmənalı fikir söyləmək də bu günkü günümüzdə tək bizim ölkəmizdə deyil, bütün dünyada mümkün deyil. Son vaxtlar başqa ölkələrdə baş verən zəlzələlərlə bağlı məlumatlarda da bu aydın göründü.
Bu mövzu ilə bağlı məlumat və ya proqram hazırlarkən məsələnin həssaslığını nəzərə almağınızı, ümumi fikirlərə deyil tədqiqatlara əsaslanan məlumatlar yaymağınızı xahiş edirəm. Zəlzələ ən qorxulu təbiət hadisəsi olduğuna görə həssas mövzudur və insanlarımıza bununla bağlı hər hansı məlumat verərkən hər birimizin diqqətli olmağımız vacibdir. Ayrıca, AMEA nəzdində RSXM olaraq media ilə yaxından əməkdaşlıq etdiyimiz üçün istənilən vaxt, istənilən suallarınızı bizə ünvanlaya və aparılmış tədqiqatların nəticəsi olaraq real vəziyyətə dair məlumat ala bilərsiniz”, – deyə V.Rafiqqızı bildirib.