19 Sentyabr 2024 20:54

Yeni dövrün başlanğıcı

Məlum oduğu kimi Prezident İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibə verib. 3 saata yaxın davam edən və 20-dək istiqamət üzrə sualların cavablandırıldığı müsahibə zamanı cənab prezident bir sıra mühüm məqamlara toxunub, vacib mesajlar verib. Ölkə başçısı eyni zamanda müsahibə əsnasında bir çox mühüm çağırışlar və fikirlər səsləndirib. Prezident İlham Əliyevin ənənə halını almış müsahibəsinə ötən ilin yekunlarına verilmiş ümumi qiymətləndirmə kimi yanaşmaq olar.

Bəllidir ki, müstəqil və qüdrətli Azərbaycan bu gün tarixinin ən şanlı və şərəfli dönəmini yaşayır. Ərazi bütövlüyünü və suverenliyini bərpa edən dövlət olaraq baş verən epoxal hadisələrin fonunda təbii ki, tək ölkə ərazisində deyil, eyni zamanda regionda yeni reallıqlar yaradıb. Birmənalı şəkildə demək olar ki, böyük güclərin maraqlarının kəsişməsinə baxmayaraq Azərbaycan Cənubi Qafqaz regionunun çox önəmli aktoru olaraq milli maraqları qorumaqla yanaşı, eyni zamanda dövlətlərarası əlaqələrin inkişafına da eyni zamanda öz töhfəsini verir. Cənab prezident bütün bu həqiqətlərin fonunda yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində bir daha bu istiqamətdə bir çox mühüm əhəmiyyətli məsələlərə aydınlıq gətirdi.

Prezident İlham Əliyev son 20 illik tarixi dövrü şərh edərək haqlı olaraq qeyd etdi ki, müstəqil tariximizin ən həlledici məqamı məhz 2003-cü il idi. Çünki o vaxt ölkəmizin gələcəyi ilə bağlı konseptual yanaşma tam özünü təsdiqləmişdi, yəni, Heydər Əliyev siyasəti davam etdirildi. Əgər tarix başqa istiqamətdə getsəydi, bilmək olmaz, xalqımız, dövlətimiz hansı bəlalar, faciələrlə üzləşə bilərdi. Cənab prezidentin qeyd etdiyi kimi müstəqilliyimizin ilk iki ili əyani şəkildə göstərdi ki, güclü lider olmadan və düşünülmüş siyasət olmadan istənilən ölkə, xüsusilə gənc müstəqil ölkə çox ciddi təhlükələrlə üzləşə bilər. Bu baxımdan 2003-cü ildə əsası 1993-cü ildə qoyulmuş siyasətə dəstək verilməsinin nəticəsi oldu ki, dövlət başçımızın qeyd etdiyi kimi bu hadisələrin fonunda həqiqətən də bugünkü reallıqları biz 2003-cü illə yox, 1993-cü illə müqayisə etməliyik, çünki məhz o tarixdən başlayaraq Azərbaycan inkişaf yoluna qədəm qoydu, sabitlik təmin edildi, vətəndaş müharibəsinə son qoyuldu və ölkəmiz beynəlxalq təcriddən çıxdı.

Cənab prezidentin müsahibəsi zamanı qeyd etdiyi ən qürurverici məqam isə “müasir tariximizin yeni dövrü məhz sentyabrın 20-dən sonra başlayır. Sentyabra qədər getdiyimiz yol məqsədyönlü yol idi, məqsədə hesablanmış yol idi, düzgün yol idi. İstər siyasi müstəvidə, istər hərbi müstəvidə, istər ölkəmizdə gedən proseslər nöqteyi-nəzərindən bu hadisə bütün işlərimizin son nidası idi” – səsləndirdiyi fikirlər idi. Eyni zamanda ölkə başçısının çıxışında təsirli məqam müqəddəs bayrağımızın Xocalı və Xankəndində ucaltdığı zaman keçirdiyi hisslərini bölüşdüyü fikirləri oldu.

“Xocalıda bayrağı qaldırandan sonra biz tam əminliklə deyə bilərik ki, Xocalı qurbanlarının qanı yerdə qalmadı. Xankəndidə isə bayrağın qaldırılması ədalətin tam bərpası idi və Zəfərimizin son nöqtəsi idi”- deyə Prezident qürurla vurğuladı.

Prezident İlham Əliyev müsahibə zamanı bu məqama xüsusi olaraq toxunaraq bildirdi ki, gücümüzün əsas mənbəyi haqlı olmağımızdır. Və istənilən auditoriyada, istənilən tədbirdə öz haqlı olmağımızı sübut etmək üçün kifayət qədər əsaslarımız var. Azərbaycan torpaqlarının 30 illik işğalına, ərazilərimizin dağıdılaraq yerlə bir edilməsinə göz yumanlar İkinci Qarabağ müharibəsindən, xüsusilə lokal antiterror tədbirlərindən sonra müxtəlif vasitələrə əl ataraq Bakıya təzyiq göstərməyə çalışdılar. Müxtəlif beynəlxalq təşkilatlarda ölkəmiz əleyhinə sənədlərin qəbuluna cəhd edən həmin qüvvələr hətta sanksiyalardan belə danışdılar. Səbəb də o idi ki, onların 30 il ərzində yerinə yetirmədiyi BMT Təhlükəsizlik Şurasının qətnamələrini Bakı özü icra etdi.

Geniş ictimai maraq doğuran müsahibədə prezident İlham Əliyev eyni zamanda Azərbaycan-Ermənistan münasibətlərinin indiki və gələcəyi barədə sualları cavablandırmaqla iki ölkə arasında əlaqələrin inkişafının hansı amillərdən asılı olduğunu açıqladı. Dövlət başçısı postmüharibə reallıqları fonunda Cənubi Qafqaz regionundakı geosiyasi vəziyyəti dəyərləndirərək Azərbaycanın ancaq milli maraqlarına uyğun hərəkət edəcəyini vurğuladı. Cənab İlham Əliyev eyni zamanda birmənalı şəkildə bildirdi ki, Azərbaycan sülh gündəliyinə sadiqdir, ancaq milli maraqlarına qarşı hər hansı bir təhlükə hiss edərsə, adekvat tədbirlər görməkdən çəkinməyəcək. Belə bir təhlükənin haradan gəldiyini gizlətməyən prezident aydın şəkildə xəbərdarlıq etdi ki, Ermənistanı yeni müharibəyə həvəsləndirən Fransanın geosiyasi ambisiyaları olduqca cılız görünür. “Bu gün Ermənistanı silahlandıran, onlara ürək-dirək verən, onların hərbçilərini hazırlayan və növbəti müharibəyə hazırlayan ölkə Fransadır. Ona görə mən deyəndə ki, Fransanın siyasəti Qafqazda gərginliyin artmasına səbəb olur, məhz bunu nəzərdə tuturdum.” – Prezident bəyan etdi. Azərbaycanın lideri müsahibəsində həm İrəvana, həm də Parisə belə bir mühüm ismarıc da ünvanladı ki, kənar güclərin Azərbaycan-Ermənistan arasında aparılan sülh danışıqlarına qarışması gözlənilən nəticəni verməyəcək. Dövlət başçısı bununla bütün tərəflərin nəzərinə çatdırdı ki, Azərbaycan-Ermənistan münasibətlərinin gələcəyi geosiyasi çəkişmələrin predmeti olmamalıdır.

Prezidentin müsahibəsində önəmli məqamlardan biri də fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri barədə fikirləri və seçkiləri şərtləndirən əsas amillərlə bağlı səsləndirdiyi açıqlamalar oldu. Prezident İlham Əliyev bunu ilk növbədə, sentyabr hadisələrindən sonra yeni dövrün başlanğıcı ilə əlaqədar olduğunu bildirdi: “Suverenliyimiz tam bərpa olunub. Sentyabr ayında biz elə bir dövrə yekun vurmuşuq ki, bu, epoxal bir hadisədir. Yəni, Azərbaycanın çoxəsrlik tarixində buna oxşar Zəfər olmamışdır. Bütün amilləri – siyasi, hərbi və 30 illik işğalı, ərazinin relyefini, müdafiə xətlərinin çox olmasını nəzərə alsaq bu, xalqımızın, dövlətimizin ən parlaq Qələbəsidir. 30 il ərzində işğal altında olmuş ərazilərin işğaldan azad edilməsi və suverenliyi tam bərpa etməyimiz yeni dövrün başlanğıcı idi.” İkinci səbəbin ilk dəfə olaraq müstəqil həyatımızda ərazilərimizin hər bir yerində keçiriləcək birinci seçkilərin məhz prezident seçkilərinin olmasının vacibliyini vurğulayan dövlət başçısı əlavə etdi ki, prezident kimi fəaliyyətinin 20 ili tamamlandı. “Bu da bir dövrdür və bunu da biz bir yekun kimi qəbul etməliyik. 20 ildən sonra yenidən prezident seçkilərinin keçirilməsi təbii ki, bu xronoloji dövrü də əsaslandırmış olur.”

Beləliklə prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində Azərbaycan həqiqətlərini, ölkəmizin yaratdığı reallıqları növbəti dəfə dünyaya nümayiş etdirdi. Eyni zamanda geniş arealı əhatə edən bir çox önəmli mesajlar verdi ki, bu da cənab prezidentin daha bir tarixi çıxışı kimi yadda qaldı.

Azadsöz.az

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com