16 Sentyabr 2024 23:17

Göyçay Dövlət Peşə Liseyinin “90 illik Yubiley” tədbiri keçirildi-FOTOLAR

Azadsöz.az xəbər verir ki, 1933-cü ildən fəaliyyətə başlayan, iki əsrin şahidi olan,minlərlə gəncin müxtəlif peşələrə yiyələnməsinə nail olan Göyçay Peşə Liseyinin “90 illik Yubiley” tədbiri keçirildi.

Tədbirdə Göyçay Rayon İcra Hakimiyyəti başçısının müavini Zivər Zeynalova, liseyin direktoru vəzifəsini icra edən Günel Əhmədova, Liseyin şəhid məzunlarının valideynləri, qocaman təqaüdçü mühəndis-pedaqoji heyəti, liseyin uğurlu məzunları, rayonun  müəssisə və təşkilat rəhbərləri, Göyçay Təhsil Sektorunun müdiri Rauf Məmmədov, Göyçay şəhər Səməd Vurğun adına İnteqrasiya təlimli internat tipli gimnaziyanın direktoru Sərvət Ağayev, liseyin mühəndis-pedaqoji heyəti və tələbələr iştirak ediblər.

Tədbirdən əvvəl qonaqlar Göyçay Dövlət Peşə Liseyinin şəhid məzunlarının əziz xatirəsinə liseyin ərazisində yaradılmış abidənin önünə gül dəstələri  düzərək, liseyin tələbələrinin əl işlərindən ibarət sərgiyə baxış keçiriblər. 

Sonra yubiley Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Mərasimi  giriş  sözü  ilə açan Liseyin direktoru vəzifəsini icra edən Günel Əhmədova gələn qonaqları salamlayaraq,onlara öz təşəkkürünü bildirib,  həmçinin liseyin fəaliyyəti haqqında məlumat veribdir.

Rəhbərlik tərəfindən digər rəhbərliklər liseyin 90 illik yubileyi münasibətilə fəxri fərmanla təltif olunublar. 

Qonaqlar  salamlayan Göyçay Rayon İcra Hakimiyyəti başçısının müavini Zivər Zeynalova liseyin yubileyi münasibətilə mühəndis-pedaqoji heyəti təbrik edərək, lisey haqqında öz ürək sözlərini bildirib.Müasir və müstəqil Azərbaycan dövlətinin memarı, ulu öndər Heydər Əliyevin istər ölkəyə 1969-1982-ci illərdəki hakimiyyəti dövründə, istərsə də müstəqillik qazanıldıqdan sonrakı dövrdə hər zaman təhsil sahəsinə xüsusilə diqqət etdiyini və bu sahədə gördüyü misilsiz xidmətlərindən danışıb.

Tədbirdə şəhid valideynləri adından Liseyin müəlliməsi şəhid Ömərli Kənanın anası Məhluqə Ömərova, uzun illər liseydə çalışan mühəndis-pedaqoji heyət adından  Fərhad Əliyev, Abasət Əliyev və digər müəllimlər  çıxış  edərək, liseyin keçmiş tarixi haqqında öz fikirlərini vurğulayıb və göstərilən diqqətə görə öz minnətdarlıqlarını bildiriblər.

Liseyin uğurlu məzunları  şair Anar Vəziroğlu və Azərbaycan Yazıçılar Birliyinin üzvü Qalib Nuri Arif təhsil aldıqları Göyçay Dövlət  Peşə Liseyi haqqında keçmiş xatirələrini danışaraq, liseyin kollektivinə təşəkkürlərini bildiriblər. 

Sonda tədbir mühəndis-pedaqoji heyət və tələbələrə liseyin rəhbərliyi tərəfindən təşəkkürnamə təqdim edilməsi  və tələbələrin çıxışında milli rəqslərlə yekunlaşıb.