Azadsöz.az xəbər verir ki, Bərdə Rayon Prokurorluğundan daxil olmuş müraciət əsasında Agentlik əməkdaşları rayon ərazisində yerləşən, fiziki şəxs İsmayılzadə Tural Hüseyn oğluna məxsus çörək istehsalı müəssisəsində plandankənar yoxlama keçirib.
Baxış zamanı müəssisədə qida məhsulları üzrə gigiyena tələblərinə dair qaydalara əməl edilmədiyi, həmçinin sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qüvvədə olan normativlərə cavab vermədiyi müəyyən edilib.
Çörək istehsalı müəssisəsinin qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən subyekt olaraq qeydiyyatdan keçmədiyi məlum olub, həmçinin müəssisədə temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı, texnoloji prosesin ardıcıllığına riayət edilmədiyi, müvafiq anbar sahəsinin olmadığı, unun divara bitişik şəkildə istehsal sahəsində saxlanıldığı, vaxtaşırı olaraq müvafiq təmizlik işlərinin aparılmadığı və digər nöqsanlar aşkarlanıb.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq çörək istehsalı müəssisəsinin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb və sahibkara icrası məcburi göstərişlər verilib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.