Ermənistanın hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal altında qalmış əzəli tarixi torpaqlarımız 44 günlük Vətən müharibəsində hərbi-siyasi yolla işğaldan azad olunub və şanlı Zəfərə aparan hər bir gün Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb.
Vətən müharibəsinin 24-cü günü – 2020-ci il oktyabrın 20-si hərb tariximizə Zəngilan şəhərinin və ətraf kəndlərin erməni işğalından azad edildiyi gün kimi həkk olunub. Bir vaxtlar 29 oktyabr tarixi Azərbaycanın dilbər guşələrindən olan Zəngilan rayonunun işğal günü kimi qeyd olunurdu. Artıq həmin günlər geridə qaldı. 27 ildən sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz Vətən müharibəsində yeni tarix yazıb. İkinci Qarabağ müharibəsində Zəngilan rayonunun işğaldan azad olunması uğrunda gedən döyüşlərdə ordumuz aparılan uğurlu hərbi əməliyyatlar nəticəsində 4 il əvvəl oktyabrın 20-də Zəngilanı işğaldan azad etməyə nail olub. 2020-ci il dekabrın 23-də isə prezident İlham Əliyev Zəngilanda Azərbaycan Bayrağını ucaldıb.
30 ildir ki, məcburi köçkün həyatı yaşayan soydaşlarımız uzun həsrətdən sonra doğma torpaqlarının işğal günlərini deyil, düşmən tapdağından azad olunduğu günləri böyük fəxr və qürurla qeyd edirlər. Dövlət başçısının 2023-cü il iyulun 31-də imzaladığı müvafiq Sərəncama əsasən şəhərin işğaldan azad edildiyi 20 oktyabr tarixi Zəngilan Şəhəri Günü kimi qeyd olunur.
Azərbaycan Silahlı Qüvvələri 2020-ci ilin oktyabrın 18-də Zəngilan rayonunun azad edilməsi uğrunda əməliyyata başladı. Oktyabrın 20-də Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa növbəti Qələbə müjdəli müraciətində Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini bildirdi. Ümumilikdə Zəngilan döyüşləri nəticəsində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Zəngilan şəhəri, rayonun 4 qəsəbəsi və 49 kənd işğaldan azad edildi. Qürurverici haldır ki, qalibiyyətimizin rəmzi olan üçrəngli Bayrağımız bu gün digər torpaqlarımız kimi Zəngilanda da qürurla dalğalanır. Xalqımız bu anları səbirsizliklə gözləyirdi və əmin idi ki, dövlətimizin uğurlu və düşünülmüş siyasəti nəticəsində torpaqlarımız tarixi sahiblərinə qovuşacaq. Dövlətimizin başçısı hər bir çıxışında bu əminliyi ifadə edirdi ki, biz gec-tez öz tarixi torpaqlarımıza qayıdacağıq. Artıq 4 ildir ki, torpaqlarımızın işğaldan azad edildiyi tarixləri qeyd etdiyimiz üçün qürurluyuq.
30 il düşmən tapdağı altında qalan, tamamilə dağıdılan, yerlə-yeksan olunan torpaqlarımızda 4 ildir həyat qaynayır. Bərpa-quruculuq işlərinin ölçüyə gəlməzliyi görülən işlərin miqyasında özünün aydın ifadəsini tapır. Bu gün digər işğaldan azad edilən torpaqlarımız kimi Zəngilan da həyatının yeni mərhələsini yaşayır. Qarabağın “yaşıl enerji” zonasına çevrilməsi prosesində Zəngilanın xüsusi rolu var. Şəhərin Baş planı artıq təsdiq edilib, infrastruktura böyük vəsait ayrılıb və bir neçə yaşayış layihəsi icra edilməkdədir. Eyni zamanda logistik layihələrin icra olunması istiqamətində əsaslı tədbirlər həyata keçirilir. Bu xüsusda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşasının böyük strateji əhəmiyyəti var. Bu dəmir yolu azad edilmiş torpaqlara həm vətəndaşların gəlməsi, həm də yüklərin daşınması üçün böyük əhəmiyyət kəsb edəcəkdir. Zəngilan-Horadiz avtomobil yolu strateji əhəmiyyəti ilə seçilir. Yolun ümumi uzunluğu 124 kilometrdir. Strateji əhəmiyyətə malik avtomobil və dəmir yollarının keçəcəyi Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilanda tikilən Beynəlxalq Hava Limanının 2022-ci il oktyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə açılış mərasimi olub. Bu hava limanı Qarabağın mühüm nəqliyyat qovşağına çevrilməsini şərtləndirən əsas amillərdəndir.
Böyük Qayıdış proqramının sürətlə və planlı şəkildə reallaşdırılması Qarabağ və Şərqi Zəngəzurun inkişaf etdirilməsi istiqamətində icra olunan əsaslı tədbirlərdəndir. Bütün bu həyata keçirilən bərpa-quruculuq-infrastruktur layihələr ölkəmizin potensialını göstərir, eyni zamanda iqtisadi gücümüzü təcəssüm etdirir.
Bu gün şəhidlərimizin canı-qanı bahasına, qəhrəman əsgər və zabitlərimizin fədakarlığı sayəsində Zəngilan şəhərində və işğaldan azad edilmiş bütün torpaqlarımızda şanlı Bayrağımız dalğalanır və əbədi dalğalanacaq.
Azadsöz.az