Azadsöz.az xəbər verir ki, bu gün torpaqlarımızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qanı ilə tarix yazaraq şəhidlik zirvəsinə ucalan Salmanov Paşa Həkim oğlunun üçüncü ildönümü Göyçay rayonu Çərəcə kənd qəbristanlığında şəhidin məzarı önündə qeyd olundu.
Tədbirdə RİH başçısı aparatının məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri, Azadsöz.az xəbər saytının və AzadSözAz televiziyasının əməkdaşları, dindarlar, ağsaqqallar, kənd sakinləri və şəhidin ailə üzvləri iştirak ediblər.
Şəhidin məzarı üzərinə tər qərənfillər düzülüb, xatirəsi ehtiramla yad edilib.
Tədbirdə çıxış edənlər şəhidimizin ailəsinə dərin hüznlə başsağlığı verib, Allahdan rəhmət və səbr diləyiblər.Bildiriblər ki, 2020-ci il sentyabrın 27-də başlayan və cəmi 44 gün davam edən Vətən müharibəsində – İkinci Qarabağ müharibəsində qazandığımız tarixi Qələbə Azərbaycan xalqının yaddaşına əbədi həkk olundu. Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu tarixi Qələbə qazanaraq 30 il davam edən işğala son qoydu, ərazi bütövlüyünü bərpa etdi. Müzəffər Ali Baş Komandanın qətiyyətli iradəsi, müdrik siyasəti, ordumuzun əsgər və zabitlərimizin, hərbçilərimizin gücü sayəsində Azərbaycan hərb tarixinə qızıl hərflərlə yeni bir salnamə yazıldı. 27 sentyabr-10 noyabr tarixlərini əhatə edən həmin salnamənin müəllifi isə Ali Baş Komandan İlham Əliyev və Azərbaycan əsgəri oldu.
Məktəblilər şəhidlərə həsr olunan şeirlər səsləndiriblər.
Sonda şəhidimizin adına ehsan süfrəsi verilib.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.
Xatırladaq ki, Salmanov Paşa Həkim oğlu 1995-ci ilin avqustun 13-də Göyçay rayonunun Çərəcə kəndində anadan olub. 2002- 2013-cü illərdə Çərəcə kəndində orta təhsilini başa vurduqdan sonra hərbi xidmətə yollanıb.
Paşa Salmanov 10 günlük Ağdam rayonunun Baharlı qəsəbəsində təlimlərdə iştirak edib.Daha sonra 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində qəhrəmanlıq göstərib. 14 oktyabr 2020-ci il tarixdə Ağdam istiqamətində gedən döyüşlərdə başından qəlpə yarası alıb. 51 gün komada olan igidimiz həkimlərin səylərinə baxmayaraq, dekabrın 5-də şəhidlik zirvəsinə yüksəlib. 2020 ci il dekabrın 6-da Göyçay rayonunun Çərəcə kəndində dəfn olunub.
Prezident İlham Əliyevin sərəncamı ilə Paşa Salmanov ölümündən sonra “Cəsur döyüşçü”, “Vətən uğrunda” və “Ağdamın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Səbuhi Eltonlu
Gülşən Muradova
Zəka Nağıyev