Azadsöz.az xəbər verir ki, son dövrlərdə müəllimlərin şagirdləri repetitorluğa cəlb etməsi cəmiyyətdə haqlı narazılığa və etiraza səbəb olur. Əksər müəllimlərin dərsdən əlavə müəllimliklə – repetitorluqla məşğul olması təhsil sisteminin ən aktual problemlərindən biridir. Bu məsələ dəfələrlə gündəmə gəlib ki, müəllimlər əsas dərs saatında şagirdlərə lazımi bilikləri vermir, bununla da şagirdləri əlavə saatlarda hazırlıqlara sövq etmiş olurlar.
Elm və təhsil naziri Emin Əmrullayev cari ildə jurnalistlərə açıqlamasında qeyd edib ki, repititorluq ləğv edilə bilməz, yalnız tənzimlənə bilər.
“Repetitorluq sahibkarlıq fəaliyyətidirsə, onun hansısa iqtisadi yönləri tənzimlənə bilər. Gərək repetitorluğun necə olması ilə bağlı təkliflər olsun ki, biz onu dəyərləndirək”, – deyə nazir əlavə edib.
Bəs repetitorluq fəaliyyəti necə tənzimlənə bilər? Onlar üçün xüsusi sertifikasiya prosesi yaradılmalıdır mı?
Məsələ ilə bağlı sualları cavablayarkən təhsil eksperti Kamran Əsədov bildirib ki, artıq cəmiyyətdə ali məktəblərə hazırlığın repetitor vasitəsilə aparılması ənənəsi möhkəmlənib. İndi valideynlər təkcə yuxarı sinif şagirdlərini deyil, ibtidai siniflərdə oxuyan uşaqları da dərsdən sonra müəllim yanına hazırlığa göndərirlər. Hazırda Bakı şəhərində repetitorluqla məşğul olan müəllimlər bir şagirdi 50-150 manata, hazırlıq kursları isə 150-250 manata hazırlaşdırırlar.
“Repetitorların vergi ödəməsi qanunidir və gəlir əldə edən hər bir şəxs buna görə vergi ödəməlidir. Əslinə prosesə 2020-ci ilin aprel ayında başlanılıb. Belə ki, pandemiya dövründə azad hərəkət etmək üçün portaldan icazə almaq lazım idi və buna görə də repititorlar müvafiq qurumdan qeydiyyatdan keçməli idilər.
Hal hazırda hazırlıq kursları hüquqi şəxs kimi qeydiyyata alınır və vergiyə cəlb olunurlar. Ancaq orada işləyən müəllimlərin müqaviləsinin olması, əmək haqlarının vergiyə cəlb edilməsi barədə problemlər mövcuddur. Əsas məsələ məhz qeydiyyatsız formada öz evində və ya başqa məkanlarda fəaliyyət göstərən repititor müəllimlərin vergiyə və sertifkasiyaya cəlb olunmasıdır”, – deyə o bildirib.
Ekspert həmçinin əlavə edib ki, repetitorlar indiki vəziyyətdə vergi ödənişindən kənardadırlar.
“Bu sahəyə demək olar ki, nəzarət yoxdur. Kim istəsə bir otaq götürüb 3-5 parta qoyur və başlayır dərs deməyə. Nə təhlükəsizliyə zəmanət var, nədə keyfiyyətə. Hesab edirəm ki, repititor fəaliyyətinin leqallaşması, rəsmiləşdirilməsi üçün bu sahəyə lisenziya sisteminin tətbiq edilməsi daha effektiv olardı. Çünki bu gün ixtisası uyğun olmayan şəxslər də repetitorluq xidməti göstərirlər. Ona görə də Elm və Təhsil Nazirliyi, Dövlət İmtahan Mərkəzi , Vergilər Nazirliyi və Əmək və Əhalinin Sosial müdafiəsi nazirliyinin mövcud olacağı bir komisiya yaradıb, orda təhsil xidmətləri göstərənlər yoxlanılmalı və fəaliyyət icazəsi verilməlidir.
Çoxları deyir ki, müəllim bütün ili repititor kimi məşğul olmur, aylar ürə müxtəlif xidmət haqqı alırıq, bir çox şagirdi pulsuz hazırlaşdırırıq. Rüb ərzində gəlir əldə etdiyini məbləğin 2 və ya 4 faiz vergisini ödəyirsiniz. Misal üçün bir ay 500, o biri ay 400, 3-cü ay 800 manat repititorluqdan gəlir əldə etmisiniz. 3 aylıq gəliriniz toplanır (500+400+800 =1700) onun 2 – 4 faizini vergi kimi ödəyirsiniz. Əgər gəlir əldə etmirsinizsə vergi bəyənnamənizi 0-la verə bilərsiniz. Deyəcəksiniz ki, kim müəyyən edəcək ki, mən nə qədər şagird hazırlayıram, nə qədər pul alıram. Bunu müəyyən etmə mexanzmi var, kassa və ya ödəmə qəbzi. Amma bu repetitorluğa tətbiq edilmir”, – deyə o qeyd edib.
K.Əsədov vurğulayıb ki, heç kim dəqiq gəlirinin vergisini ödəmir.
“Qalıb bu insanların insafına. Sadələşdirilmiş vergi ödəyicisi kimi nə qədər qazandığınızı qeyd etsəz, onun 2 – 4 faizini ödəyəcəksiz. Bunun sizin üçün faydası çoxdur. Bankdan kredit götürəndə, təqaüdə çıxanda ödədiyiniz vəsaitlər sizə qayıdacaq. Müəllimlər yanlış olaraq narhatdırlar”, – deyə o bildirib.