27 İyul 2024 08:27

Şəhid Təbriz Xancanovun üçüncü ildönümündə əziz xatirəsi ehtiramla yad edilib-FOTOLAR

Azadsöz.az xəbər verir ki, torpaqlarımızın ərazi bütövlüyü uğurunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Təbriz Məhəmmədəli oğlu Xancanovun üçüncü  ildönümü  Göyçay  rayonunun  Müskürlü  kənd  qəbirstanlığında şəhidin məzarı önündə qeyd olundu.

Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, RİH başçısı aparatının məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri,  Azadsöz.az xəbər saytının  və AzadSözAz televiziyasının kollektivi, şəhid ailələri, dindarlar, ağsaqqallar,  kənd  sakinləri  və şəhidin ailə üzvləri iştirak ediblər.

Şəhidin əziz xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.

Tədbirdə  çıxış  edənlər  şəhidimizin ailəsinə dərin hüznlə başsağlığı verib, Allahdan rəhmət və səbr  diləyiblər.Bildiriblər ki, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun şücaəti sayəsində 2020-ci ilin 27 sentyabrında başlayan 44 günlük Vətən müharibəsi Azərbaycan xalqına zəfər sevincini bəxş etməklə yanaşı, xalqımızın qəhrəman oğullarını da bir daha öz xalqına tanıtdı. Neçə-neçə igid oğullar Vətən uğrunda haqq savaşının iştirakçısı, şəhid və ya qazi oldular. Sonunda zəfər çaldığımız bu müharibə Azərbaycan xalqının Vətənə necə bağlı olduğunu, torpaq üçün gözünü qırpmadan canından keçməyə hazır olduğunu bir daha nümayiş etdirdi. 

Tədbirdə  məktəblilər vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.

Sonda  şəhidimizin  adına ehsan süfrəsi verilib.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.

Xatırladaq ki, Təbriz Məhəmmədəli oğlu Xancanov  1996-cı  il iyunun 9-da Göyçay  rayonunun  Müskürlü  kəndində  anadan olub.Həqiqi  hərbi  xidmətini 2014-2016-cı illərdə  Naxçıvan Muxtar Respublikasının N saylı  hərbi  hissədə  keçib.2020-ci il sentyabrın 27-də başlayan  Vətən  müharibəsində Cəbrayıl,  Ağdam, Ağdərə, Talış və  Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak  edib..Oktyabrın 19-da   Ağdərə və Suqovuşan istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Müskürlü  kənd  qəbirstanlığında dəfn olunub.

Prezident İlham  Əliyevin   sərəncamına  əsasən, Təbriz Xancanov ölümündən  sonra  “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və  “Cəsur döyüşçü”  medalları ilə təltif edilib.

 

Səbuhi Eltonlu

Gülşən Muradova

Zəka  Nağıyev