27 İyul 2024 07:02

Şəhid Mütalib Xudiyevin üçüncü ildönümü qeyd edildi-FOTOLAR

Azadsöz.az  xəbər  verir  ki, ərazi bütövlüyümüzün təmin olunması uğrunda qəhrəmancasına  şəhid olan  Xudiyev Mütalib Ələsgər oğlunun  şəhadətə qovuşmasının üçüncü ildönümü Bəydövül kənd qəbirstanlığında şəhidin məzarı önündə qeyd olundu.

Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, RİH başçısı aparatının məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri,  Azadsöz.az xəbər saytının  və AzadSözAz televiziyasının kollektivi,  şəhid ailələri, dindarlar, ağsaqqallar,  kənd  sakinləri  və şəhidin ailə üzvləri iştirak ediblər.

Şəhidin əziz xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.

Tədbirdə  çıxış  edənlər  şəhidimizin ailəsinə dərin hüznlə başsağlığı verib, Allahdan rəhmət və səbr  diləyiblər.Bildiriblər ki, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 2020-ci il sentyabrın 27-dən Ermənistanın hərbi təcavüzünə cavab olaraq işğal altında olan torpaqlarımızı azad etmək üçün genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirməklə yanaşı, xalqımız bütünlüklə dövlətimizin başçısının ətrafında səfərbər oldu. Azərbaycan torpaqlarının hər qarışının azad edilməsi uğrunda gedən döyüşlər, qüdrətli ordumuzun şanlı tarix yazaraq düşmən üzərindəki sarsıdıcı zərbələri, eləcə də işğal altında olan şəhərlərimizin, yaşayış məntəqələrimizin, həmçinin müxtəlif istiqamətlərdə strateji yüksəkliklərin işğalçılardan azad edilməsi xalqımızda böyük inam və ruh yüksəkliyi yaratdı. Əldə etdiyimiz şanlı Qələbə həm də tarixi ədalətin bərpası oldu. Rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri döyüş meydanında göstərdikləri şücaətlə düşmənə layiqli yerini göstərməklə yanaşı, dövlətimizin və ordumuzun gücünü, qüdrətini də bütün dünyaya nümayiş etdirdi.

Tədbirdə  məktəblilər vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.

Sonda  şəhidimizin  adına ehsan süfrəsi verilib.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.

Xatırladaq ki, şəhid Xudiyev Mütalib Ələsgər oğlu 03.03.1993-cü il tarixdə Göyçay rayonunun Bəydövül kəndində anadan olmuşdur. 29 sentyabr 2020-ci il tarixdə qismən səfərbərlik üzrə hərbi  xidmətə cəlb edilmiş, 11 noyabr 2020-ci il tarixdə Şuşa istiqamətində gedən döyüşlərdə qəhramancasına şəhid olmuşdur. Ölümündən sonra Azərbaycan Respublikası Prezdentinin  sərəncamı ilə “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın  azad olunmasına görə” və Cəsur döyüşçü” medalları ilə təltif edilmişdir.

 

Səbuhi Eltonlu

Gülşən Muradova

Zəka  Nağıyev