27 İyul 2024 03:34

Göyçayda 15-ci Nar Festivalı keçirildi-FOTOLAR

Azadsöz.az  xəbər  verir  ki, 11 noyabr  2023-cü il  tarixində   Göyçay Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Göyçay Şəhər stadionda 15-ci “Nar Festivalı”  keçirilib.

Rayon icra hakimiyyətinin təşkilatçılığı ilə keçirilən bayram tədbirində  Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, Dövlət Təhlükəsizlik Xidmətinin rəisinin müavini Şərafət Həsənov, Milli Məclisin deputatları Sabir Hacıyev, Məzahir Əfəndiyev, Afət Həsənova, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov, dövlət və hökümət nümayəndələri, xarici ölkələrin Azərbaycandakı əməkdaşları, yerli və əcnəbi iş adamları və  minlərlə rayon sakini  iştirak edib.

Əvvəlcə qonaqlar  ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət  edərək önünə gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Daha sonra  qonaqlar  Göyçay  Şəhidlər  Xiyabanına  gələrək  ərazi bütövlüyümüzün təmin olunması uğrunda canından keçən şəhidlərimizin  məzarları önünə tər qərənfillər düzüblər.

Sonra  bayram tədbiri Göyçay Şəhər stadionda başlayıb.Qonaqlara  yerli müəssisələrin istehsalı olan nar şirələri paylanıb.Göyçaylı qadınların ifasında səslənən folklor nümunələri, mahnı-rəqs qruplarının və rayonun  yeniyetmə  idmançıların çıxışları maraqla qarşılanıb.

Rayonun 25 kəndində narçılıqla məşğul olan insanların yetişdirdiyi məhsullardan hazırlanmış məhsulların sərgisinə baxış keçirilib. Qonaqlar aş, nardança, kətə, yuxa, nar şərab, nar şirəsi kimi təamların dadına baxıblar.

Festivalda ən böyük nar müsabiqəsinin və nar sıxmaq yarışlarının qalibləri mükafatlandırılıb.

Bayram  tədbirində  maraqlı anlar  yaşanıb. 44  günlük  Vətən  müharibəsində  iştirak  edərək sağlamlığını itirən Göyçay  rayon Məlikkənd kənd  sakini Salahov Əfsun Tahir oğlu  Mahmudova Lalə  İsmixan qızı ilə festivalda  nikaha  daxil olub.Göyçay Rayon İcra Hakimiyyəti  tərəfindən  cütlüyə  hədiyyə  təqdim olunub.

Festivalın rəsmi  hissəsindən sonra bayram tanınmış incəsənət ustalarının təqdim etdikləri konsert proqramı ilə davam etdirilib, atəşfəşanlıqla başa çatıb.

Qeyd edək ki, Nar bayramı sabahda davam edəcək.

 

Səbuhi Eltonlu

Gülşən Muradova

Zəka  Nağıyev