Azadsöz.az xəbər verir ki, torpaqlarımızın ərazi bütövlüyü uğurunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Vasif Məmmədovun üçüncü ildönümü ilə əlaqədar anım mərasimi Göyçay şəhər Şəhidlər Xiyabanında şəhidin məzarı önündə qeyd olundu.
Anım mərasimində rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, RİH başçısı aparatının məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, Azadsöz.az xəbər saytının və AzadSözAz televiziyasının kollektivi, şəhid ailələri və şəhidin ailə üzvləri iştirak ediblər.
Şəhidin məzarı önünə toplaşan mərasim iştirakçıları xatirəsini ehtiramla yad ediblər, önünə gül dəstələri düzüblər.
Tədbirdə məktəblilər vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.
Sonda şəhidimizin adına ehsan süfrəsi verilib.
Xatırladaq ki, Vasif Əlibala oğlu Məmmədov 12 noyabr 1994-cü ildə Göyçay şəhərində anadan olub.Məhəmməd Füzuli adına Göyçay şəhər 6 saylı tam orta məktəbi 9-cu sinfə qədər oxuyub.Daha sonra təhsilini Göyçay Dövlət Peşə Liseyində davam etdirib.Ancaq Liseyi başa vurmamış həqiqi hərbi xidmətə çağırılıb.
2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən Müharibəsində iştirak edib.Noyabrın 3-də Şuşa uğrunda döyüşlərdə şəhidlik məqamnına ucalıb və nəşi bir gün sonra, noyabrın 4-də Göyçay rayon Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən, Vasif Məmmədov ölümündən sonra “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Vətən uğrunda”, “Cəsur döyüşçü” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunmuşdur.
Qeyd edək ki, bu gün Göyçay şəhər 11 nömrəli Uşaq baxçası şəhidimizin adını daşıyır.
Səbuhi Eltonlu
Gülşən Muradova
Zəka Nağıyev