Azadsöz.az xəbər verir ki, bu gün torpaqlarımızın ərazi bütövlüyü uğurunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Ayaz Əhmədovun şəhadətə qovuşmasının üçüncü ildönümüdür.
Ayaz Elson oğlu Əhmədov 2002-ci il martın 4-də Göyçay rayonunun İkinci Ərəbcəbirli kəndində anadan olub. 2007-2016-cı illərdə Ceyhun İbrahimov adına Ərəbcəbirli kənd orta məktəbində təhsil alıb. 2016-2018-ci illərdə Göyçay Peşə Liseyində təhsil alıb.
O, 2018-2020-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu idi.2020-ci il sentyabrın 21-də Hərbi Komissarlıq tərəfindən təlimlərə çağırılıb. Tərtər rayonunda yerləşən “N” saylı hərbi hissədə topçu, baş atıcı və manqa komandiri vəzifələrini icra edib.2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlayan Vətən müharibəsində iştirak edib. Oktyabrın 6-dan, 7-nə keçən gecə Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Göyçay rayonunun İkinci Ərəbcəbirli kəndində dəfn olunub.
Prezident İlham Əliyevin Sərəncamına əsasən, Ayaz Əhmədov ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “İgidliyə görə” medalları ilə təltif edilib.