Azadsöz.az xəbər verir ki, torpaqlarımızın ərazi bütövlüyü uğurunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Xəyal Məmmədovun üçüncü ildönümüdür.
Xəyal Arif oğlu Məmmədov 1989-cu il fevralın 13-də İsmayıllı rayonunun Qubaxəlilli kəndində anadan olub. Ailəsi 1996-ci ildə Göyçay rayonunun Birinci Ərəbcəbirli kəndinə köçüb. Orta məktəbi Göyçayda bitirən Xəyal 2009-cu ildə həqiqi hərbi xidmətə yollanıb. Xidmətini başa vurduqdan bir il sonra yenidən müddətdən artıq hərbi qulluqçu kimi xidmətinə davam edib. 2016-cı ildə aprel döyüşlərində iştirak edib. 2019-cu ildə “10 illik Qüsursuz Xidmətinə görə 3-cü dərəcəli” medalla təltif olunub.
Xəyal Məmmədov 11 il xidmətdə olduğu müddətdə sərbəst güləş idman növü üzrə bir çox hərbi yarışlarda iştirak edərək medallar qazanıb.
2020-ci il sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsində döyüşlərə qatılan Xəyal Məmmədov top komandiri olub. İlk olaraq Tərtər, daha sonra Ağdərə və Suqovuşan istiqamətlərində döyüşlərdə iştirak edib. Xəyal Məmmədov müharibədə olduğu zaman ermənilərin xeyli sayda canlı qüvvəsini və texnikası məhv edib. Oktyabrın 2-də aldığı ağır güllə yarasından şəhadətə yüksəlib.Göyçay rayonunun Birinci Ərəbcəbirli kəndində dəfn olunub.Sonuncu dəfə valideynləri ilə də elə həmin gün danışıb.
Ölümündən sonra Prezident İlham Əliyevin sərəncamı ilə “Vətən uğrunda”, “İgidliyə görə” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
Səbuhi Eltonlu
Gülşən Muradova
Zəka Nağıyev