Azadsöz.az xəbər verir ki, 27 sentyabr 2023-cü il tarixdə Göyçay şəhər Şəhidlər Xiyabanında şəhidlərimizin “Anım günü”nə həsr olunmuş tədbir keçirildi.
Tədbirdə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, Milli Məclisin deputatı Məzahir Əfəndiyev, hüquq-mühafizə orqanlarının, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri, YAP rayon təşkilatının sədri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları şəhidlərin məzarları üzərinə gül dəstələri düzərək xatirələrini yad ediblər.
Azərbaycan Respublikasının dövlət himninin səslənməsi ilə başlanan tədbirdə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev çıxış edərək bildirdi ki, bu gün bütün Azərbaycan xalqı və dünya azərbaycanlıları müqəddəs vətənimiz uğrunda canından keçən şəhidlərimizin xatirəsini dərin ehtiramla anır. 27 sentyabr doğma torpaqlarımızı işğaldan azad etmək yolunda hərbi siyasi gücümüzün ortaya qətiyyətlə qoyulduğu milli ruhumuzun, milli həmrəyliyimizin öz sözünü dediyi bir gündür. Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilən Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir.
Sonra Milli Məclisin deputatı Məzahir Əfəndiyev çıxış edərək Ümumilli lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf yoluna qədəm qoyan Azərbaycan Silahlı Qüvvələrinin bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə öz şərəfli missiyasını uğurla davam etdiyini qeyd etdi.
Rayon ziyalıları adından qabaqcıl tarix müəllimi Firəngiz Məmmədyarova, Şəhid ailələri adından şəhid Orxan Kərimlinin atası Akif Kərimov, ön cəbhədə yaralı əsgərlərimizə döyüş bölgəsində xidmət göstərən rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinin müdiri Emil Əliyev, 44 günlük Vətən müharibəsi iştirakçısı Ayaz Babayev çıxış edərək Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən 44 günlük Vətən müharibəsinin xalqımızın yaddaşında silinməz izlər buraxdığını və əldə olunmuş qələbənin Azərbaycan tarixinə qızıl hərflərlə yazıldığını qeyd etmişlər.
Rayon məktəblilərinin təqdimatında şəhidlərin xatirəsinə həsr edilmiş əbədi-bədii kompozisiya təqdim olunub.
Saat 12:00-da vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, şəhər ərazisində nəqliyyat vasitələrinin və piyadaların hərəkəti dayandırılmışdır.
Tədbir iştirakçıları sonda şəhidlərin xatirəsinin uca tutulması məqsədilə ağacəkmə kampaniyasında iştirak ediblər.