Azadsöz.az xəbər verir ki, Rusiyanın Yekaterinburq şəhərində keçirilən Beynəlxalq Universitet İdman Festivalı davam edir.
Həmyerlilərimiz sərbəst güləşdə növbəti qələbə qazanıblar.
Günün ən maraqlı görüşü Azərbaycan təmsilçisi Sabir Cəfərov (70kq) və rəqibi Rusiya güləşçisi Nicat Fərzəliyev arasında olub. Belə ki, ölkəmizi təmsil edən güləşçi 10:0 hesabı ilə yarışdan qalib kimi ayrılıb və bürünc medal əldə edib.
Güləşçimiz Ramiz Həsənov (74 kq) rəqibi rusiyalı Maqomed Kardanova 1:11 hesabı ilə məğlub olaraq ölkəmizə gümüş medal qazandırıb.
Güləş üzrə digər təmsilçilərimiz – Fərid Cabbarov (86 kq) rəqibi Rusiya idmançısı Boqdan Qladçenkoya 3:1 hesabı ilə, Aydın Əhmədov (125 kq) isə rəqibi qazaxıstanlı Marlen Kurlysbekə qalib gələrək bürünc medal qazanıblar.
Qeyd edək ki, avqustun 19-dan 31-dək keçiriləcək Beynəlxalq Universitet İdman Festivalı Yekaterinburq şəhərinin 300 illik yubileyinə həsr edilib. 36 ölkədən müxtəlif universitetlərin tələbələri 14 idman növündə qüvvələrini sınayırlar.
Festivalda Azərbaycanı 10 təhsil ocağından 54-ü kişi 15-i qadın olmaqla 69 idmançı təmsil edir. Təmsilçilərimiz 8 idman növündə – badminton, stolüstü tennis, boks, güləş, taekvondo, futzal, üzgüçülük, sambo üzrə yarışırlar.