21 May 2024 23:27

Aşıq Ələsgərin abidəsinin nə vaxt hazır olacağı açıqlanıb

Azadsöz.az xəbər verir ki, “Aşıq Ələsgərin abidəsinin bürüncdən tökülməsi prosesi başa çatmaq üzrədir”.

Bu barədə APA-ya ARİ nəzdində İstehsalat Yaradıcılıq Kombinatının direktoru Baloğlan Hüseynov məlumat verib.

Onun sözlərinə görə, 10 gün içərisində abidənin hissələrinin metaldan (bürüncdən, – N.P.) tökülməsi prosesi yekunlaşacaq: “Bundan sonra isə həmin hissələrin yığılması həyata keçiriləcək. Bu prosesi isə biz, təxminən, sentyabrın sonuna qədər yekunlaşdırmağı planlaşdırmışıq”.

Xatırladaq ki, Prezident İlham Əliyevin Sərəncamına əsasən, Mədəniyyət Nazirliyi tərəfindən Aşıq Ələsgərin abidəsinin ucaldılması ilə bağlı müsabiqə keçirilib və heykəltəraş, Xalq rəssamı Natiq Əliyevin təqdim etdiyi eskiz qalib olub. Abidənin memarı Malik Babayevdir.

Abidənin Rəşid Behbudov və Bakıxanov küçələrinin kəsişməsində yerləşən parkda ucaldılması nəzərdə tutulur.