Azadsöz.az xəbər verir ki, 1993-cü ildə Ümumilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı gənc nəslə diqqəti dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevirdi. Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandıran Ulu öndər böyüməkdə olan gənc nəslə qayğını hər zaman önə çəkirdi. Hüquqi və dünyəvi dövlət quruculuğu prosesində gənclik enerjisinə ehtiyac duyulduğunu düzgün qiymətləndirən Heydər Əliyev müxtəlif illərdə gənclər siyasətinin ayrı-ayrı istiqamətlərini dəqiq müəyyənləşdirmişdi. Məhz Ümummilli liderin fəaliyyəti nəticəsində Azərbaycan gəncliyi öz layiq olduğu mərtəbəyə yüksələ bilmişdi. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ölkənin ictimai-siyasi həyatında gənclərin rolunu hər zaman önə çəkir, gənc nəslin fiziki və mənəvi baxımından sağlam, milli-vətənpərvər ruhda formalaşmasının, savadlı, ən müxtəlif sahələrdə dərin elmi biliklərə malik gənc kadrların yetişməsinin dövlət üçün son dərəcə önəmli olduğunu vurğulayırdı. Ulu öndər dövlətin və xalqın gələcək taleyinin məhz gənclərdən asılı olduğunu daim diqqət mərkəzinə çəkir və bu gələcəyin parlaq və xoşbəxt olması üçün gəncliyin üzərinə müstəsna vəzifələr düşdüyünü hər zaman qeyd edirdi.
Əlbəttə ki, qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün gənc nəslə müvafiq şəraitin yaradılması da zəruri şərtdir. Bu baxımdan birmənalı olaraq qeyd etmək lazımdır ki, ümummilli lider Heydər Əliyev gənclərin problemləri ilə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab edirdi. Hələ 1969-1982-ci illərdə respublikaya birinci dəfə rəhbərlik etdiyi dövrdə Heydər Əliyev Azərbaycanda yüzlərlə yeni tədris ocaqlarının, gənclik mərkəzlərinin, hərbi məktəblərin açılışını həyata keçirmiş, minlərlə azərbaycanlı gəncin keçmiş SSRİ-nın nüfuzlu ali məktəblərində təhsil almalarına, müasir ixtisaslara yiyələnmələrinə şərait yaratmışdır.
1993-cü ildə isə ulu öndərin ikinci dəfə hakimiyyətə qayıdışı ilə Azərbaycanda dövlət quruculuğunun bütün sahələrində olduğu kimi gənclər siyasətində də əsaslı və köklü dəyişikliklər yarandı. Azərbaycan Gənclər Günü, Azərbaycanda gənc istedadlara dövlət qayğısı, Dövlət gənclər siyasəti sahəsində çoxsaylı fərman və qanunlar verilməklə gənclərin dövlət idarəetməsində iştirakı təmin edildi, həm də gənclərə dövlətin diqqətini hiss etdirdi. Bu məqsədlə gənc kadrların hazırlanması və təşkilatlanması üçün 1994-cü il 26 iyul tarixli Fərman ilə Gənclər və İdman Nazirliyi yaradıldı. Ümummilli liderin gənclər forumunun təşkili ilə bağlı 1995-ci ildə irəli sürdüyü təşəbbüsdən sonra 1996-cı ildən başlayaraq Azərbaycan gənclərinin forumları keçirilmişdir. 1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin I Forumunda Heydər Əliyev gənclər qarşısında tarixi bir vəzifə qoymuşdur: “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”. Ulu öndərin 1997-ci il 2 fevral tarixində imzaladığı Fərmanla isə fevralın 2-i Azərbaycan Gənclər Günü elan edildi.
Ulu öndər Heydər Əliyev tərəfindən 1996-cı il 22 iyun tarixində imzalanmış “Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında” Fərmana əsasən istedadlı gənclərə dövlət qayğısını təmin etmək məqsədi ilə Azərbaycanın gənc istedadlarının “Qızıl kitab”ı və “Qızıl kitab”a adları yazılmış gənc istedadlara təqdim etmək üçün xüsusi təqaüd təsis edildi. Bu istiqamətdə bir çox diqqət və qayğı nümunəsi olan müstəsna tədbirlərin həyata keçirilməsi onlara xüsusi stimul demək idi.
Bu gün Azərbaycanın gənclər siyasəti dünya miqyasında artıq bir nümunəyə çevrilib. Günbəgün uğurlara imza atan dövlətimiz regionun lider dövləti olmaqla yanaşı, eyni zamanda mütərəqqi gənclər siyasəti ilə də dünyada fərqlənir. Və şübhəsiz ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti möhtərəm prezidentimiz tərəfindən uğurla davam etdirilir. Əgər Azərbaycan gəncliyi bu gün ölkənin ictimai həyatına bütün sahələrində aktiv fəaliyyəti ilə seçilirsə, siyasi, iqtisadi, humanitar, sosial layihələrin həyata keçirilməsində mühüm rol oynayırsa, bu, birbaşa dövlət gənclər siyasətinin effektivliyinin göstəricisidir. Dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncliyində özünə, öz gücünə, öz potensialına inam hissini artırıb. Və bu hər bir Azərbaycan gəncində eyni zamanda onların bu ölkə üçün dəyərli vətəndaş olmaları inamını daha da gücləndirir.
Ulu öndər hələ 1998-ci ildə Azərbaycan Gəncləri Gününün ilk ildönümü münasibəti ilə keçirilən tədbirdə çıxış edərkən demişdir: “Məni hədsiz dərəcədə sevindirən odur ki, Azərbaycanın gələcəyini möhkəm əllərdə saxlaya bilən Azərbaycanı daim bütün xətalardan qoruya bilən, Azərbaycanın dövlət müstəqilliyini, demokratik dövlətini qoruya bilən gəncliyi var”. Azərbaycan gəncliyi ümummilli liderimizin bu yüksək etimadını da doğrultdu. Ümummilli lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinə uyğun şəkildə hərtərəfli inkişaf edən Azərbaycan gənci Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qəhrəmanlıq dastanı yazdı. Rəşadətli Azərbaycan ordusunun sıralarındakı vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Məhz onların rəşadəti sayəsində əldə olunan bu şanlı Zəfər ölkəmizin ərazi bütövlüyünü bərpa etdi, xalqımız 30 illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu. Azərbaycan Respublikasının Prezidenti Müzəffər Ali Baş Komandan İlham Əliyev bununla bağlı demişdir: “Bu gün Azərbaycan gəncləri cəmiyyətimizin fəal hissəsidir. Biz haqlı olaraq gənclərimizlə fəxr edirik. Bizim gənclərimiz torpaq uğrunda, vətən uğrunda vuruşurlar. Bizim şəhidlərimizin böyük əksəriyyəti gənclərimiz olubdur. Bizim gənclərimiz hərbi qələbələrimizi şərtləndiriblər”.
Dövlətimizin başçısının “Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz, mən də sizə arxalanıram”-sözləri Azərbaycan dövlətinin gənclərə etimadının, gənclərin isə prezidentə məhəbbətinin və dəstəyinin bariz nümunəsidir.